“Metsamor region üçün böyük təhlükədir” – Taner Yıldız

“Metsamor region üçün böyük təhlükədir” – Taner Yıldız
  06 May 2015    Oxunub:1554
Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) region üçün real təhlükədir.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız verib.

Nazirin sözlərinə görə, Türkiyə elektrik enerjisinə ehtiyacı olan Ermənistanın bu qəzalı AES-i işlətməsinə göz yummamalıdır.

Ermənistan parlamentində bu ölkənin Türkiyə ilə sərhəddindən 16 kilometr uzaqlıqdakı stansiyanın istifadə müddətinin 2026 ilə qədər uzadılması barədə Rusiya ilə əməkdaşlıq müqaviləsi təsdiq edilib.

Müqaviləyə görə, Rusiyanın “Rosatom” şirkəti Ermənistanın enerji ehtiyacının 40 faizini təmin edən stansiyanın ümumi təmir və avadanlıq dəyişikliyinə məsul olacaq, eyni zamanda kadr yetişdirmə işlərini də aparacaq.

Paytaxt İrəvanın 32 kilometr qərbində yerləşən stansiya 1970-ci ildə inşa edilib. Bölgədə 1988-ci ildə baş verən və 25 min adamın ölümünə səbəb olan zəlzələdən bir il sonra stansiya təhlükəsizlik səbəbi ilə bağlanıb. 1995-ci ildə yenidən açılan stansiya, o vaxtdan bəri fasiləsiz çalışır.

Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti