Büdcənin icrasında problem yarana bilərmi? – TƏHLİL

Büdcənin icrasında problem yarana bilərmi? – TƏHLİL
  28 Aprel 2015    Oxunub:2652
Maliyyə naziri Samir Şərifov 2015-ci ilin dövlət büdcəsi üzrə proqnozlara yenidən baxmağa ehtiyac olmadığını bildirib. Nazirin sözlərincə, buna hələ heç bir zərurət yaranmayıb. Halbuki, neftin dünya bazar qiymətləri büdcədə nəzərdə tutulandan təxminən 30-40 dollar səviyyədə aşağı olduğundan bunun qaçılmaz olduğu görünürdü.

Düzdür, cari ilin birinci rübü ərzində dövlət büdcəsinin icra vəziyyəti heç də qənaətbəxş olmayıb: mədaxil 3938,8 milyon, xərclər isə 4198,8 milyon manat təşkil etməklə 251,0 milyon manat kəsir (defisit) yaranıb. Son illər ərzində isə nə ilk 3, nə birinci 6 ay, nə də yekunda defisit qeydə alınmamışdı. Yalnız, keçən il bu tendensiya pozuldu ki, 2014-cü il üzrə dövlət büdcəsinin mədaxili 18400,5 milyon, xərcləri isə 18699,3 milyon manat təşkil etməklə 298,8 milyon manat kəsir yarandı. Bu da maliyyələşdirmə mənbələri hesabına örtüldü.

Məsələ ondadır ki, cari ilin birinci rübündə 251 milyon manat kəsir yaranmasına baxmayaraq, vəziyyət heç də kritik deyil. 2015-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili nəzərdə tutulan 3900,8 milyon manat proqnoza qarşı 3938,8 milyon - 38 milyon manat və yaxud 1% artıq yerinə yetirilib. Xərclər isə 4189,8 milyon manat - nəzərdə tutulandan 10,1% az...

İkincisi də, Dövlət Neft Fondundan (DNF) transfert az həyata keçirilib: 1941,7 milyon manat. Keçən ilsə bu vaxt artıq, 2342,6 milyon manat vəsait köçürülmüşdü. Halbuki, 2015-ci ilin dövlət büdcəsinə DNF-dan keçən ildəkindən 11,3 faiz çox - 10,39 milyard manat transfert həyata keçirmək planlaşdırılıb. 2014-cü ilin dövlət büdcəsində isə bu rəqəm 2013-cü ildəki ilə müqayisədə 17,7 faiz azaldılmışdı.

Buradan əyani görünür ki, büdcənin gəlirlər üzrə icrası əslində qənaətbəxş vəziyyətdədir. Bu da Vergilər Nazirliyi tərəfindən proqnozun 102,6% icra edilməklə dövlət büdcəsinə 1594,8 milyon manat vəsaitin təmin olunması və bunun da düz 69,5%-nin, yəni 1051,6 milyon manatının qeyri-neft sektorundan toplanması nəticəsi hesab oluna bilər. Xatırladaq ki, 2014-cü ilin eyni dövründə bu göstərici 4,6% az təşkil etmişdi.

Lakin bu ilin dövlət büdcəsində neftin 1 bareli 90 ABŞ dolları götürüldüyündən, təbii ki, ciddi narahatlıq var idi və bu narahatlıq yenə qalmaqdadır. Nəzərə alsaq ki, neftin dünya bazarlarında qiyməti keçən ilin iyun ayından enir və bir ara hətta 2 dəfədən çox düşmüşdü, bu narahatlıq bir ara pik nöqtəyə çatmışdı. Elə indinin özündə də aydındır ki, ölkənin neft gəlirləri 2015-ci ilin nəyinki ortasına, hətta payıza qədər də 90 dollardan az təşkil edəcək.

Ancaq bir fakt var ki, neftin qiyməti fevraldan bəri 60 dollar ətrafında fırlanır. Və hökumət hələ keçən il bəyan etmişdi ki, dünya bazarlarında neftin 1 barelinin qiyməti 60 dollar təşkil edərsə, büdcənin icrasında problem yaranmayacaq. Maliyyə naziri də 2015-ci ildə dövlət büdcəsində neftin baza qiymətinə toxunaraq qeyd edib ki, neftin qiymətinin 90 dollardan xeyli aşağı olması büdcə gəlirlərinə təsir etsə də, dövlətin əsas maliyyə sənədinə birbaşa olaraq ziyan vurmayıb. “Ancaq əlbəttə, neftin ucuzlaşması ölkənin tədiyyə balansına mənfi təsir göstərir” – deyə, o əlavə edib.

Nazirin söylədiklərinin əsas məğzi bundan ibarətdir ki, neftin qiyməti icmal büdcəyə zərər yetirir. Çünki mövcud tendensiya ilk növbədə Neft Fondunun aktivlərinə ciddi zərbə vurur. Bu üzdən də maliyyə naziri hələ keçən ilin sonunda qeyd etmişdi ki, hökumət ucuzlaşmanı diqqətdə saxlayır və şərait tələb edərsə, yaxın illər üçün priorotet sayılmayan infrastruktur layihələr təxirə salınacaq. Odur ki, bir çox ekspertlər gözləyirdilər ki, mayda Milli Məclisdə 2015-ci ilin büdcəsinə yenidən baxılacaq.

Ancaq yuxarıda qeyd etdiyimiz kimi, 2015-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxil hissəsinin nəzərdə tutulan proqnozdan artıq yerinə yetirilməsi və toplanılan verginin də az qala 70% hissəsinin iqtisadiyyatın qeyri-neft sektorundan yığılması, DNF-dan transfertin də nisbətən az həyata keçirilməsi sözügedən məsələni hələ ki gündəliyə daxil etməyə əsas vermir.

“Büdcə sistemi haqqında” qanunda da göstərilib ki, dövlət büdcəsinin icra prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulandan 3 % az olduğu şəraitdə müdafiə olunmuş xərc maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda və büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə müvafiq icra hakimiyyəti orqanının təklifi ilə parlament qarşısında ona yenidən baxılması haqda məsələ qaldırıla bilər.

Maliyyə naziri də buna nəzərən qeyd edib ki, məcburi dəyişikliyə hökumət yalnız o zaman gedir ki, gəlirlər ilə xərcləri arasındakı fərq nəzərdə tutulmuş gəlirlərin 30%-ni təşkil etsin. “Belə bir vəziyyət yoxdur. Ona görə də, biz burada hər hansı bir ehtiyac görmürük” – deyə, nazir bildirib.

Lakin bütün bunlar o demək deyil ki, proqnozlar olduğu kimi yerinə yetiriləcək. Bir sıra investisiya xərcləri şübhəsiz, ixtisar ediləcək.


Pərviz Heydərov
AzVision.az üçün


Kollaj: Turan Ramazanlı


Teqlər:  





Xəbər lenti