SOCAR-ın borc alması niyə zəruridir? - TƏHLİL

SOCAR-ın borc alması niyə zəruridir? - TƏHLİL
  13 Aprel 2015    Oxunub:3052
SOCAR-ın dövlət büdcəsinin əsas tədiyyəçisi olduğu yaxşı məlumdur. Belə ki, adı çəkilən qurum Dövlət Neft Fondundan (DNF) transfertdən əlavə vergi şəklində büdcəyə ən çox ödəniş həyata keçirən şirkətdir. Bu ilin dövlət büdcəsinə DNF-dan 10 miyard 388 milyon manat köçürüləcəyi fonunda Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat vəsait yığılacaq ki, 1 milyard 500 milyonu SOCAR-dan toplanılacaq.

2014-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 milyard 855 milyon 230 min manat təşkil etmişdi. 2015-ci ildə isə SOCAR tərəfindən dövlət büdcəsinə təkrar edirik ki, 1,5 milyard manat vəsait ödəniləcək.

Sözügedən şirkətin dövlət qarşısında öhdəliyi bununla bitmir. Hökumət onu həmçinin müxtəlif layihələrin icrasına da cəlb edir. Hansı ki, bunlara da milyonlarla vəsait xərclənir.

Maraqlıdır ki, bütün bunların müqabilində SOCAR-ın kredit götürməsi və borca girməsini bəziləri kəskin şəkildə tənqid edir, hətta faciə kimi dəyərləndirirlər.

Şirkətin bir təsərrüfat subyekti olduğu isə sanki unudulur. Belə ki, SOCAR öhdəliklərini yerinə yetirməkdən əlavə fəaliyyətinin keyfiyyətini yaxşılaşdırmaq və onu genişləndirmək qayğısına qalmalıdır. Bu isə investisiya həyata keçirməyi tələb edir.

Bu gün SOCAR-ın qarşısında elə investisiya layihələri dayanıb ki, qurumun rəhbərliyinin də etiraf etdiyi kimi bunlar istənilən halda reallaşdırılmalıdır. Yəni, buna nə neftin dünya bazarlarındakı qiymət amili, nə də dövlət büdcəsi və eləcə də hökumət qarşısındakı bu və ya digər öhdəlikləri mane ola bilməz.

Sual olunur ki, şirkət bəs, nə etməlidir? Sözügedən şirkət investisiya ehtiyaclarını ödəmək üçün istiqrazlar – qiymətli kağızlar buraxmaq, xaricdən və eləcə də dövlətdən kreditlər cəlb etməkdən başqa hansı yollardan istifadə etməlidir?

Sözügedən investisiya ehtiyaclarından birini və bəlkə də birincisini tikilməsi nəzərdə tutulan yeni neft-qaz emalı və neft kimya kompleksi – OGPC təşkil edir. OGPC SOCAR-ın qarşıdakı illərdə həyata keçirəcəyi ən iri investisiya layihələrindən biri olmaqla yanacağa tələbatın artması, mövcud zavodların standartlara cavab verməməsi baxımından zəruri sayılır.

Strateji baxımdan istənilən halda yeni neft-qaz emalı kimya kompleksinin – OGPC-nin işə düşməsinə ehtiyac vardır. SOCAR da bütün qüvvəni məhz buna - real olaraq, dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni neft-qaz emalı və kimya kompleksinin inşasına yönəltmişdir.

Gücü 8,6 milyon ton olacaq Bakının 60 kilometrliyində - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək 3 emaledici müəssisəyə və istilik eleltrik stansiyasına malik olacaq bu kompleks əvvəl 2017-ci ildə nəzərdə tutulsa da, sonra tikilib istifadəyə verilərək fəaliyyətə başlaması vaxtı uzadıldı. Düzdür, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə işləri OGPC-in tikilib istifadəyə verilməsi işlərinin yubanmasını kompensasiya edəcək.

Yeri gəlmişkən, kompleksin tikilib tam olaraq fəaliyyətə başlama tarixinin dəyişdirilməsi “Şahdəniz 2”, TANAP, TAP layihələrinə iri məbləğdə investisiyanın tələb olunması ilə əlaqədar izah olunur. Bilavasitə bu layihə ilə əlaqədar müsbət məqam ondan ibarətdir ki, SOCAR OGPC-nin tikintisini maliyyələşdirmək üçün borc vəsaitini məhz yerli mənbədən - kredit şəklində Mərkəzi Bankdan (AMB) götürəcək. SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, kompleksin tikintisində üzərlərinə düşən maliyyə xərcinin 80 faizini AMB-dan alınacaq uzunmüddətli kreditlə, yalnız yerdə qalan 20 faiz hissəsisi ixrac banklarından cəlb edilməklə ödəniləcək.

AMB-dən cəlb olunacaq kredit 1 milyard manata yaxın təşkil edəcək ki, kredit layihənin tikintisinə başlayarkən 10 il müddətinə götürüləcək və ödənişin 5 il müddətinə uzadılması şərti ilə cəlb ediləcək. “Düşünürəm ki, 3-4 il müddətinə layihənin tam tikilib istifadə verilməsi mümkün olacaq”- deyə, R. Abdullayev bildirib.

Demək istədiyimiz budur ki, Azərbaycanın dövlət büdcəsinin mühüm donoru olan SOCAR-ın investisiya məqsədilə borclanmaya getməsində heç bir qəbahət olmasa da, kredit vəsaitlərinin dövlətin maliyyə ehtiyatları hesabına ödənilməsi daha məqsədəuyğundur. Ölkəmizin mövcud valyuta ehtiyatları sarıdan da buna xeyli böyük imkanlar mövcuddur.

Yeri gəlmişkən, təkcə bu il SOCAR-a dövlət büdcəsinin investisiya xərclərindən 660 milyon manat vəsait ayrılacaq. Həmin vəsautun 10 milyon manatı “Azot gübrələri” istehsalı zavodunun tikintisinə, 650 milyon manatı isə “Cənub Qaz Dəhlizi” layihəsinin maliyələşdirilməsinə xərclənəcək.

Qeyd edək ki, 2009-2015-ci illərdə dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində SOCAR-a ümumilikdə 1.730 milyard manat ayrılmışdır ki, bundan 790 milyon manatı ölkənin regionlarının və Bakı şəhərinin qəsəbələrinin qazlaşdırılması, 290 milyon manatı “Azot gübrələri” zavodunun tikintisi, 650 milyon manatı isə “Cənub” qaz dəhlizi çərçivəsində SOCAR vasitəsilə Azərbaycan tərəfinin iştirak payının maliyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
SOCAR-ın borc alması zəruridir. Ancaq bacardıqca daxili mənbə hesabına…


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti