Bahalaşmanın qarşısı necə alına bilər – TƏHLİL

Bahalaşmanın qarşısı necə alına bilər – TƏHLİL
  12 Mart 2015    Oxunub:3542
Məlumdur ki, dünyada ötən ilin iyunundan etibarən neftin qiymətinin düşməsiylə əlaqədar istehlak, xüsusən də ərzaq malları ucuzlaşıb. Bizdə isə əksinə, bahalaşmaya meyl hökm sürür. Manatın dəyəri ucuzlaşdıqdan sonra vəziyyət lap mürəkkəbləşib.

Belə ki, yanvarda istehlak mallarının qiymət və xidmət tarifləri 2014-cü ilin dekabr ayı ilə müqayisədə 0,2, ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşaraq, qeyri-ərzaq malları isə sabit qalırdısa, fevralda bütün mallar dəyərə minməyə cəhd edib. Cari ilin ilk ayında 2014-cü ilin eyni ayı ilə müqayisədə istehlak mallarının qiymət və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq malları 0,2, xidmət tarifləri isə 0,8 faiz bahalaşmışdısa, ərzaq 0,4 faiz ucuzlaşmışdı. Fevraldasa bütün məhsulların qiymətləri yüksəlməyə meyl göstərib. Halbuki, təkrar edirik: dünyada əksər mallar ucuzlaşmaqda olub və tələb təklifdən geri qalıb.

Dünya Ərzaq Təşkilatı tərəfindən yayılan məlumata əsasən də fevralda ərzaq qiymətləri indeksi son 55 ayda ən aşağı səviyyədə qeydə alınıb və 2014-cü ilin eyni ayına nisbətən 2015-ci ilin müvafiq ayında bu sahədə indeks 14 faiz aşağı düşüb. Bəs, sözügedən tendensiyanın bizdə qeydə alınmamasına səbəb nədir?

Ölkəmizdə ərzağın qiymətinin düşməməsi, əksinə, yüksəlməyə meyilli olması bir neçə amillə izah olunurdu. Əvvəla, neftin ucuzlaşması ilə bağlı ölkəyə idxalın genişlənməsi üçün şərait yarandı, o cümlədən inkişaf etmiş ölkələrdəkindən fərqli olaraq bizdə yanacağın qiyməti də ucuzlaşmadı, əhalinin gəlirlərinin yüksəlişi isə davam edirdi. Başqa sözlə desək, ölkəmizdə qeyri-neft sektorunun istənilən səviyyədə inkişaf etməməsi səbəbindən neftin ucuzlaşması faktı dolayı yolla əleyhimizə işləyirdi ki, əhalinin gəlirlərinin yüksək olması da ölkədə ərzaq istehlakının genişlənməsi üçün əlavə stimul yaradırdı.

Fevralda isə vəziyyət bir az da dəyişdi. Manatın dollara nəzərən dəyərinin 34 faiz enməsi nəticəsində istehlak mallarına bahalaşma üçün əlavə səbəb yarandı ki, ölkənin daxili istehlak bazarının idxaldan asılı olması inflyasiya idxalına da zəmin ortaya çıxardı.

Düzdür, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında sui-istifadə halları və süni qiymət artımına qarşı nəzarət gücləndirilib və bu sahədə müvafiq tədbirlər həyata keçirilirməyə başlanıb.

Əhalinin gəlirləri artdıqca ərzaq istehlakının genişlənməsi faktı nəzərdən qaçırılmalı deyil. Belə ki, ölkəmiz inflyasiyanın aşağı səviyyəsinə görə dünyada lider olsa da, gəlirlərin 70 faizinin son istehlaka sərf olunması faktı ərzağa yüksək tələb olduğu göstəricisidir. Odur ki, istehlak qiymətləri indeksi – inflyasiya bizdə əslində həmişə yüksəlməyə meyillidir. Və əhalinin gəlirlərinin onu üstələməsi faktı isə hökumətin sözügedən göstəricini həmişə “basqı” altında saxlamasının nəticəsi hesab olunub. Bu isə idxalı stimullaşdıran amillərdən idi. Deməli, manatın ucuzlaşmasından sonra idxal inflyasiyasından qaçmaq mümkün deyil. Bəs, nə edilməlidir?

2015-ci ildə Azərbaycanda inflyasiya 2,3 faiz proqnozlaşdırılıb. Əvvəl də aydın idi ki, bunu qorumaq çətin olacaq. Birincisi ona görə ki, ölkədə onsuz da inflyasiyaya meyl var idi, ikincisi də neftin ucuzlaşması ilə əlaqədar manatın alıcılıq qabiliyyətinin azalacağı qabaqcadan gözlənilirdi.

Odur ki, kənd təsərrüfatı bacardıqca inkişaf etdirilməlidir. Prezidentin 12 yanvar tarixli Sərəncamı ilə 2015-ci ilin ölkədə kənd təsərrüfatı ili elan edilməsi bu mənada əhəmiyyətlidir. Sərəncamda bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə Nazirlər Kabineti ilə birgə 1 ay müddətində tədbirlər planı işləyib hazırlamaq tapşırılıb.

Sərəncamda da qeyd edilib ki, dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq istisna olmaqla, bütün növ vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və bu yolla satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Həmçinin, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar da verir.

Bununla belə, kənd təsərrüfatının inkişafı prioritet məsələ olaraq qalır, ona görə ki, aqrar məhsulları istehsalını, daxili tələbatı ödəməsi və ixracını bir sistem halına gətirmək tələb olunur. Dövlət başçımız da qeyd edib ki, kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Belə ki, bir çox zəruri məhsullar üzrə idxaldan asılılıq aradan qalxmalıdır. Keçən il ölkəmizdə 5 225,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olundu ki, bu da 2013-cü ilə nisbətən 2,6 faiz az oldu.

Ümumiyyətlə, ərzaq təhlükəsizliyi ilə bağlı indiyədək görülən işlərin nəticəsində özümüzü təminetmə səviyyəsinə dair real statistikası belədir: mal əti - 87 faiz, qoyun əti - 97 faiz, quş əti - 98 faiz, süd və süd məhsulları - 76 faiz, taxıl - 60 faiz, üzüm - 98 faiz, kartof - 90 faiz, duz - 87 faiz, bitki yağları və marqarin - 77 faiz, kərə yağı - 52 faiz, makaron məmulatları - 58 faiz...

Göründüyü kimi, idxaldan asılı vəziyyətdəyik. Ona görə də, Dövlət başçımız da vurğulamışdır ki, bu rəqəmlər daha çox məhz hansı istiqamətlər üzrə fəaliyyət göstərmək lazım olduğunu əyani diqtə edir. Bu rəqəmlər sırasında isə ən diqqət yönəldilməli məhsul taxıldır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti