Büdcə təşkilatları borclarını niyə ödəmir? - TƏHLİL

Büdcə təşkilatları borclarını niyə ödəmir? - TƏHLİL
  04 Mart 2015    Oxunub:3577
Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar hökumətin vergi mənbələrini “sıxmaq” məcburiyyəti qarşısında qalması fonunda büdcə təşkilatlarının enerji resurslarından istifadəyə görə yenə borclu qalmaları diqqəti cəlb edir. Düzdür, bu, yeni problem deyil. Dəfələrlə yazmışıq ki, dövlət büdcəsinin gəlirlərini artırmaq üçün iri büdcə tədiyyəçilərinin öhdəliklərini vaxtında və düzgün yerinə yetirmələrinə diqqət yetirmək kifayətdir.

Onlar hamısı öhdəliklərini həmişə kəsirlə yerinə yetirirlər. Belə ki, təkcə, Dövlət Neft Şirkəti (ARDNŞ) istisna olmaqla, digər büdcə öhdəlikçiləri üzrə əvvəla nə dəqiq məlumat, nə də əvvəlki illərdəkindən fərqli olaraq irəliləyiş yoxdur. Bəlli olan budur ki, büdcə təşkilatları sözügedən qurumların xidmətləri üzrə borclarını yerinə yetirmirlər. Deməli, adları çəkilən qurumlar da büdcə borclarını icra edə bilmirlər. 2014-cü ilin nəticəsinə görə, büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlar 1867,9 milyon kilovat saat elektroenerji, 239,6 min Q.kal istilik enerjisi, 131,5 milyon kubmetr qaz, 27,0 milyon kubmetr su və 125 milyon manatlıq rabitə xərclərindən istifadə ediblər ki, bütün bu rəqəmlər əvvəlki ildəkindən – 2013-cü ildəkindən çoxdur.

Dəyər nöqteyi-nəzərdən də 2013-cü ildəki ilə müqayisədə 18,7 faiz artıq qaz, 4,2 faiz elektrik, 19,1 faiz istilik enerjisi, 3,1 su, 25 faiz isə çox rabitə xidmətindən istifadə olunmuşdur ki, bunun müqabilində büdcə təşkilatları öhdəliklərini 98,5 faiz yerinə yetiriblər. İstifadə edilən resurslara görə ümumi borc 2,6 milyon manat təşkil edib.

Sual yaranır: necə olur ki, növbəti ilin dövlət büdcəsi hələ təsdiq olunmamış əgər, enerji tarifləri artırılasıdırsa büdcə təşkilatlarının xərclərində bu qabaqcadan nəzərə alınır, amma istehlak olunan resurslara görə ödəniş yerinə yetirilməmiş qalır? Niyə?

Keçən ilin sentyabrında da yazmışdıq ki, büdcə təşkilatlarının özlərinin istifadə etdikləri adi enerji və kommunal xidmətlərə görə ilin birinci yarısında 8 milyon manat borcları olduğu məlum idi. Belə ki, 2014-cü ilin ilk rübü ərzində də dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 347,8 milyon kVt/saat elektrik enerjisi, 63,5 min Q.kal istilik enerjisi, 46,4 milyon kubmetr təbii qaz, 5,1 milyon kubmetr su, 1,9 milyon manatlıq rabitə xidmətləri istehlak edildiyi məlum olsa da, elektrik enerjisinin 5,4 milyon manatı, təbii qazın 1,4 milyon manatı, istilik enerjisinin isə 522,0 min manatı, suyun 390,7 min, rabitə xidmətlərinin isə 149,1 min manatı ödənilməmiş qalırdı.

Sual yaranırdı ki, vətəndaşların bir qismi sosial vəziyyətlərini bəhanə gətirdikləri halda, büdcədən maliyyələşən qurumlar görəsən, niyə və yaxud hansı səbəbdən kommunal xərcləri ödəmirlər? Bunun müqabilində həmin xidmətə cavabdeh qurumların - büdcəyə iri tədiyyəçilərinin öhdəliklərinin icrasını gözləməyə dəyərmi?

Necə olur ki, adi vətəndaşlar üzrə borclar yarandığı halda dərhal bəyan edilir və müvafiq qurumlar hərəkətə keçir, büdcə təşkilatlarının isə borcu yaranır?

O zaman da yazmışdıq ki, qeyd olunan vəziyyət bir daha sübut edir ki, bizdə bu sahədə ciddi problemlər hökm sürür və illər keçdikcə, vəziyyət düzəlmək əvəzinə dərinləşir.

Büdcə təşkilatlarının işlətdikləri enerji resurslarına görə pulu ödəməmələrindən əlavə, bu sahədə heç düz-əməlli uçot və statistka da yoxdur. Belə ki, keçən il sona çatsa da 2,6 milyon vəsait borc bu yaxınadək məlum deyildi. İri büdcə tədiyyəçilərinin ödənişləri haqda isə ümumiyyətlə, statistika yoxdur. Halbuki, ARDNŞ üzrə müvafiq məlumat hər rüb verilir. Və kiçik bir kəsir və yaxud “axsaqlıq” müşahidə edilən kimi dərhal həyacan təbili çalınır. Bəs, diğər qurumların ödənişləri niyə açıqlanmır?

Ümumiyyətlə, Azərbaycanda daxili borclarla əlaqədar iki problem mövcuddur. Hansı ki, bir-birinə çulğalaşaraq zəncirvari xarakter alıb. Birincisi, deditor borclardır ki, ölkəmizdə bu problem neçə illərdir nəinki həllini tapmır, sistemdaxili borcların durmadan artması ilə müşahidə olunur.

Büdcədə nəzərdə tutulub, öz təyinatına görə vaxtında istifadə edilməyən - yönəldilməyən hər 1 manat borc isə sistemdən keçərək 4-5 manat da əlavə öhdəlik yaranmasına gətirib çıxarır.

İkincisi isə iri büdcə tədiyyəçilərinin borclarıdır. Həmin borcların bir hissəsi isə obyektiv səbəblərdən yaranırsa, xeyli hissəsi sünü yollla formalaşır. Yuxarıda qeyd etdik ki, büdcə təşkilatlarının özlərinin istifadə etdikləri adi enerji və kommunal xidmətlərə görə keçən ilin yekununa görə 2,6 milyon manat borcları var. İri büdcə tədiyyəçilərinin borclarının bir hissəsi obyektiv olaraq məhz bu səbəbdən yaranır.

Sual yaranır ki, bəs, vəziyyətdən çıxış yolu nədədir?

Əvvəla, bütün büdcə təşkilatları və hüquqi şəxslər üzrə onlara göstərilən bütün növ enerji resurslarından istifadəyə görə ödənişləri gecikdirmələrinə son qoyulmalı, ümumiyyətlə, enerjidən istifadəyə görə büdcədən hər cür subsidiyalaşdırma aradan götürülməlidir.

Ikinci isə “Dövlət Maliyyə Nəzarəti haqda” qanun qəbul edilməli və uyğun olaraq qeyd olunan nəzarətin işlək mexanizmi hazırlanıb, həyata keçirilməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti