Qəzaya düşmək `alın yazısı`dır, yoxsa təsadüf?

Qəzaya düşmək `alın yazısı`dır, yoxsa təsadüf?
  26 Fevral 2015    Oxunub:5868
Asif Eminov

Bir neçə gün əvvəl, axşam dostlarla şəhərdən evə qayıdırdıq. Dostlardan birinin maşınında idik. Əslində həmin gün görüşməli deyildik. Sadəcə, görüşə gələsi dostlardan birinin işlərilə əlaqədar, həmin gün toplaşdıq.


Maşını olan dost normalda saat 6-da işdən çıxsa da, həmin gün 8-də çıxdı. O vaxta kimi digər 2 dostla onu gözləməli olduq.

Görüşdən əvvəl dostlardan biri siqaret istədi. Bir qutu almağa razılaşmadığı üçün, 1-2 dəqiqə sürən anlaşılmazlıq yarandı və `çox çəkməyəcəyəm` adı ilə axırda gedib, "ştuçnu" siqaret aldı. Əgər bu baş verməsəydi, görüşə ən azı 2 dəqiqə tez çatmış olacaqdıq.

Görüşəndən sonra bir az maşında gəzdik. Yol boyu dəfələrlə mağaza yanında saxlamağa, su almağa imkan olsa da, `sonrakı mağazada alarıq` deyə-deyə gedirdik. Əgər mağaza yanında saxlasaydıq, ən azı 5 dəqiqəmiz xərclənəcəkdi.

Dostlardan biri evə getmək istədi və onu ötürmək qərarına gəldik. Maştağa tərəfə uzun bir yolumuz vardı. Lazımı ünvana çatandan sonra dostlardan biri sağollaşaraq, evinə getdi. Orada 2 dəqiqə dayanıb, sonra maşını işə saldı`. Səbəbsiz. Bir az rahatlanaq adı ilə.

Sonra isə geri qayıtmaq üçün uzun bir yol. Yol boyu 3 dəfə mağaza yanında saxlayıb, su almaq qərarına gəldik, amma yenə də `sonra alarıq` dedik.

Düz yolda maşınımız 80 km/saatla gedirdi. Birdən bizim maşının qabağına bir `07` çıxdı. Bizdən haradasa 50 metr qabaqda bizimlə eyni sürətlə hərəkətdə olan bu `07`, naməlum səbəblərdən sürətini qəfil azaltdı. Bu zaman bizim sürücü `07`-yə arxadan girməmək üçün məcbur olub, tormoza basaraq, sükanı sağa fırlatdı. Yerdə su olduğu üçün maşın sürüşdü, idarəetməni itirdi, kinolardakı kimi sağa-sola drift edərək, yerində fırlanıb, girdi yolun qırağındakı məhəccərə. İndi onu əvvəlki halına qaytarmaq üçün haradasa 2 həftə vaxt və azə 600 manat pul lazımdır.

İndi isə bu olmuş əhvalatın detallarına diqqətlə baxaq.

1)
Sürət 80 yox, 90 km/saat olsaydı, bəlkə də bu yazını yazacaq vəziyyətdə deyildim. Maşının pəncərəsindən çölə düşmüş və ciddi zədə almış biri olardım. Və çoxlu sınıqlarla xəstəxanada yatırdım.
Sürət 80 yox, 70 km/saat olsaydı, bəlkə də tormoz verib, qabaqdakı `07`-yə girməyəcək qədər məsafə saxlaya bilərdik, qəza da baş verməzdi.

2) Uzun zamandır görüşmədiyimiz dost sonradan özünü günahlandırdı ki, `Əgər mən gəlməsəydim, məni evə ötürməsəydiniz, bu qəza da olmayacaqdı`.

3) Əgər siqaret almaqla bağlı mübahisəmiz olmasaydı, 2 dəqiqəmizi itirməyəcəkdik və bu hadisələr olmayacaqdı. Çünki maşını olan dostun yanına da 2 dəqiqə tez çatacaqdıq, eyni trayektoriyanı da getməyəcəkdik, `07` də qarşımıza çıxmayacaqdı.

4) Yol boyu tənbəllik etməyib, hansısa mağazaya girib, su alsaydıq, bu qəzanın baş vermə ehtimalı milyonda birə kimi enəcəkdi.

5) Görüşü məhz həmin günə salmasaydıq, bu qəza baş verməyəcəkdi.

6) Normalda saat 6-ya kimi işləyən dostumuz, dollar bahalaşdığına görə işi çoxalıb, 8-də çıxmasaydı, bu qəza olmayacaqdı.

7) Maşının sahibi olan dostumuzun versiyası isə budur: `Əgər o gün görüşməsəydik, bəlkə də başqa şərtlər daxilində tək qəza keçirib, ciddi zədə ala bilərdim. Amma bugün yanımda sizlər ola-ola belə qəza keçirməyimizlə, yenə də sağ çıxdıq`.

İndi siz özünüzə sual verin: Bu qəzanın baş verməsi təsadüf idi, yoxsa zərurət və mütləq olmalı idi?


Teqlər:





Xəbər lenti