Vaşinqtonda Azərbaycanın önəmindən danışılıb – FOTOLAR

Vaşinqtonda Azərbaycanın önəmindən danışılıb – FOTOLAR
  05 Fevral 2015    Oxunub:1777
`The Washington Times qəzetinin təşkilatçılığı ilə fevralın 3-də Vaşinqtonda, ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” mövzusunda konfrans keçirilib.

Qəzetin redaktoru Con Solomonun moderatorluq etdiyi tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə məruzə ilə çıxış ediblər.

Əvvəlcə “The Washington Times”ın idarə heyətinin sədri Lari Bizli Azərbaycan haqqında məlumat verib, ölkə iqtisadiyyatının inkişafı, əhalinin orta təbəqəsinin genişlənməsi, respublikanın regionda və dünyada mühüm mövqeyə malik olması barədə fikirlərini səsləndirib.

Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, üzləşdiyi təhdidlər, müstəqillik illərində qazandığı nailiyyətlər barədə söhbət açan Con Solomon təmsil etdiyi qəzetin yanvarın 29-da ölkəmiz haqqında hazırladığı xüsusi buraxılışda əksini tapmış vacib məqamlara toxunub.

Səfir Elin Süleymanov ötən 20 il ərzində ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib, Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsinin xüsusilə qarşılıqlı əməkdaşlıq və ABŞ-ın ciddi dəstəyi sayəsində reallaşdığını vurğulayıb. Səfir bu layihə nəticəsində regionda böyük dəyişikliklərin baş verdiyini bildirib.

Konfransda çıxış edən Səməd Seyidov Azərbaycan üçün beynəlxalq münasibətlərin xüsusi əhəmiyyət daşıdığını deyərək ölkəmizin xarici siyasətinin kökündə hər kəslə dostcasına əlaqələr qurmaq məqsədinin dayandığını diqqətə çatdırıb. Parlamentin komitə sədri hazırda İslam dininin müasir dünya ilə uzlaşması ilə bağlı qaldırılan suallara Azərbaycanın tutarlı cavablar təqdim etdiyini söyləyib. O, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olaraq insan hüquqları və demokratiya kimi dəyərləri bölüşdüyünü, qadınların cəmiyyətdə önəmli yerlərə sahib olduqlarını və ölkədə dini tolerantlığın hökm sürdüyünü diqqətə çatdırıb.

Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində dayandığını qeyd edərək, iki ölkə arasında təhlükəsizlik sahəsində aparılan əməkdaşlıqdan söz açıb. O, Azərbaycan hərbiçilərinin müxtəlif vaxtlarda beynəlxalq koalisiyaların tərkibində Kosovo, İraq və Əfqanıstanda xidmət etdiklərini və bu gün də əsgərlərimizin Əfqanıstanda sülhün və sabitliyin qorunmasında iştirak etdiklərini diqqətə çatdırıb. Deputat Əfqanıstanın sosial-iqtisadi baxımdan dirçəlməsinə yönəlmiş fəaliyyətlərə Azərbaycanın verdiyi töhfələri də qeyd edib. O, həmçinin Əfqanıstandakı beynəlmiləl qüvvələr üçün hava daşımalarında Azərbaycanın rolunu vurğulayıb.

Qalereya




Teqlər:  





Xəbər lenti