Toy kortejləri qadağan ediləcək?

Toy kortejləri qadağan ediləcək?
  17 Fevral 2013    Oxunub:2672
Bu siqnal səslərini heç nə ilə qarışdırmaq mümkün deyil. Dərhal bilirsən ki, əlini siqnaldan çəkməyənlər tıxacda qalmaqdan əsəbiləşən sürücülər deyil, bu, toy kortejinin siqnal səsləridir.
Amma tezliklə bu ənənəyə son qoyula bilər. İş orasındadır ki, yol polis əməkdaşları toy karvanına daxil olan maşınların həddən artıq qayda pozuntusuna yol verdiyini, qırmızı işıqda dayanmadığını, sürət həddini aşdığını deyirlər.


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, toy karvanı maksimum 3-4 avtomobildən ibarət olmalıdır. Çünki dəstədə avtomobillərin sayı çox olanda, onlar həm özlərinə, həm də digər hərəkət iştirakçılarına problem yaradırlar: “Toyların başlaması əhalinin işdən çıxma vaxtına təsadüf edir. Onsuz da, Bakıda nəqliyyatın sayı həddən artıq çoxdur. Sürücülər nəqliyyat sıxlığının daha çox olduğu bir vaxtda qaydalara xüsusilə riayət etməlidirlər, qarşıdakı hərəkət zolağına çıxmamalı, işıqforun tələblərinə düzgün əməl etməlidirlər”.

Karvandakı sürücülərin məsuliyyəti

K.Əliyev əmin edir ki, toy karvanının iştirakçısı olmaq sürücüləri məsuliyyətdən azad etmir: “Düzdür, bəzən daha da sıxlıq yaratmamaq naminə polis əməkdaşları karvana daxil olan avtomobilləri saxlamırlar. Çünki belədə karvanda iştirak edən nəqliyyat vasitələrinin hamısı dayanır, yolda hərəkət daha da gərginləşir. Amma bu, o demək deyil ki, onlar istədikləri qədər qaydanı pozacaqlar və məsuliyyət daşımayacaqlar. Həmin sürücülər həmin vaxt saxlanılmasalar da, sonradan yollarda olan nəzarət kameraları vasitəsilə onlar barəsində mərkəzi məlumat bazasına məlumat ötürülür və inzibati məsuliyyətə cəlb olunurlar”.

DYP: “Gərək toykarvanı 3-4 maşından artıq olmasın”

DYP rəsmisi hesab edir ki, gəlin kortejindəki avtomobillərin sayının çox olması düzgün deyil: “Adətlərə görə, hər kəs kortejdə çox maşının olmasını istəyir. İndi bunu rayon və kənd yerlərində etmək olar. Amma şəhərdə yollarda vəziyyət elədir ki, gərək toy karvanı 3-4 maşından artıq olmasın. Çünki avtomobillərin sayı çox olduqda, onlar ara məsafəsini düzgün saxlamadıqlarından digər hərəkət iştirakçılarına müəyyən problemlər yarada bilər. Bəzən belə maşınları yolun hərəkət hissəsində yerləşdirirlər. Belə hallar paytaxt yollarında yersiz, süni ləngimələr, tıxaclar, nəqliyyatın hərəkətinin sıx olduğu vaxtda digər sürücülər və hərəkət iştirakçıları üçün maneə yaradır”.
Kamran Əliyev bəzən toy karvanının qadağan edilməsi haqda təkliflərin səsləndiyini də bildirir. Lakin deyir ki, hələlik belə bir qərar yoxdur: “Digər tərəfdən, bu, bir qədər mübahisəli məsələdir. Yol polisi sürücünü saxlayanda, onun maşınının karvana daxil olduğunu sübut etməlidir. Hələliksə biz sürücülərə müraciət edirik ki, toy mərasimlərindən sui-istifadə edib yol hərəkəti qaydalarını pozmasınlar. Toy sahibləri də bu məsələyə diqqət etsinlər. Belə işə polisin müdaxiləsindənsə, ağsaqqalların bu işə düşünülmüş formada yanaşması, cavanlara məsləhət vermələri, lazım gəlsə, tələb etmələri, daha yaxşı olardı”.

Maşınlar siqnal verməsin?

“Azərbaycan toyları” monoqrafiyasının müəllifi, etnoqraf Təvəkkül Səlimov deyir ki, gəlin apardı mərasimi Azərbaycan toylarının qədim adətlərindəndir. Özü də bu (patriarxat) dövrünə keçiddən sonra yaranıb. Həmin dövrlərdə başqa qəbiləyə gəlin köçən qızı dəstə ilə aparıblar. Bunu əsasən mühafizə məqsədilə ediblər ki, kənar qəbilədən hücumlar olmasın, onlar salamat gedib öz məkanlarına çatsın. Onlar şadlıq mərasiminə getdiklərindən, yolda sevinclərini də gizlətməyiblər, hay-həşirlə, qışqırıqla gediblər. Toy kortejində səs-küy salmaq, hər yana toy olduğunu bəyan etmək adəti də elə həmin dövrlərdən qalıb.

Müasir “toy korteji”

Müasir “toy korteji” anlayışı isə təxminən bir əsr əvvəl yaranıb. Təvəkkül Səlimovun sözlərinə görə, 70-80 il əvvəl maşınların sayı az idi, onların hamısının siqnal verməsi ətrafda narahatlıq yaratmayıb: “Lakin indi şadlıq evlərinin də sayı çoxdur, maşınların da. Bu baxımdan, adətləri zamana və tələbə görə uyğunlaşdırmaq olar. Mənim fikrimcə, yalnız bəzəkli gəlin maşınının siqnal verməsi təqdir ediləndir. Bununla da hər kəsə, ətrafa bildiriləcək ki, şadlıq var, toydur. Bunun nəyi pisdir ki? Kənardan baxan, alqışlayan olacaq. Kimsə deyəcək ki, “Allah bunları xoşbəxt eləsin, mənimkiləri də onların içində. Yəni, müxtəlif xeyir-dualar səslənəcək”. Toy bilicisi hesab edir ki, heç kim siqnal verməsə, karvandakı maşınların hamısı sakitliklə hərəkət etsə, bu, ənənəvi toy adətlərinin heçə endirilməsi, qol-qanadının sındırılması demək olardı: “Bir neçə adam istəmir deyə, bu adətin üstündən xətt çəkə bilmərik”.
Toya səs-küylə getmək adəti yalnız Azərbaycan üçün xarakterik deyil. Demək olar hər bir ölkənin toy adətlərində səs simvolu var. Hətta sakit, qayda-qanuna riayət edən Avropa ölkələrində də toy kortejinə daxil olan maşınlar yolda siqnalla keçir.

Toya gedəndə səs-küy niyə lazımdır?

İlk toy kortejləri hələ qədim Yunanıstanda ortaya çıxıb. O vaxtlar bəy gəlinin yanına adi arabada yox, lentlərlə bəzədilmiş xüsusi cəng arabasında gedirdi. Romalılar isə toy arabasını kirayə götürməyə üstünlük verirdilər. Elə o vaxtdan bəri bu adət bütün Avropaya yayılıb. Vaxtilə XIV Lüdovikin toy karvanı bir neçə məhəlləyədək uzanıbmış. Bir neçə il əvvəl isə Britaniya şahzadəsi Uilyamın toy mərasimində atlardan ibarət kortej hərəkət edirdi.

İndi olduğu kimi, qədim dövrlərdə də evdən toy yerinə kimi məsafə qısa olanda, onu bilərəkdən uzadıblar. Bəzən bu adətlərə mistik anlam da veriblər: belə qəbul olunub ki, toya gedən insanlar qara qüvvələri qaçırtmaq üçün mahnı oxuyub, bu pisniyyətli qüvvələri çaşdırmaq üçün yolu uzadıblar.

Fərəh Sabirqızı /NewBakuPost


Teqlər:





Xəbər lenti