“Niyə bu ölkələri NATO-ya buraxmadım?” - Angela Merkel

   “Niyə bu ölkələri NATO-ya buraxmadım?”    - Angela Merkel
  21 Noyabr 2024    Oxunub:1632
2005-2021-ci illərdə Almaniyanın kansleri vəzifəsini tutmuş Angela Merkel Ukrayna və Gürcüstanın NATO-ya sürətlə daxil olmasını dəstəkləməmək qərarını düzgün sayır.
AzVision.az Angela Merkelin xarirələrindən bəzi hissələri dərc edən Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, sabiq kansler özünün “Azadlıq. Xatirələr 1954 – 2021” kitabında bunu yazıb.

Xatırladaq ki, 2008-ci ildə NATO-nun Budapeştdə keçirilən sammitində ABŞ-nin o vaxtkı prezidenti oğul-Corc Buş Ukrayna və Gürcüstanın alyansa yeni üzvlərin qəbulu proqramına – NATO-ya Üzvlük üzrə Fəaliyyət Planına (MAP) qoşulmağı təklif etsə də, Almaniya kansleri Angela və həmin vaxt Fransanın prezidenti postunu tutan Nikolya Sarkozi bunun əleyhinə çıxdılar.

Xanım Merkelin fikrincə, Ukrayna və Gürcüstana MAP verilməsi ölkənin bloka qəbul edilməsi ilə bağlı “demək olar ki, geri dönməz öhdəlik” anlamına gələrdi.

“Yeni üzvün qəbulu təkcə onun təhlükəsizliyini deyil, həm də NATO-nun özünün təhlükəsizliyini yaxşılaşdırmalıdır. Mən Putinin nöqteyi-nəzərini nəzərə almadan Ukrayna və Gürcüstan üçün MAP-ın statusunu müzakirə etməyi kobud səhlənkarlıq saydım”, - Almaniyanın sabiq kansleri iddia edib.

O, hesab edir ki, Ukrayna və Gürcüstanı MAP statusundan məhrum edən, lakin eyni zamanda onların alyansa üzvlük perspektivini qoruyub saxlayan o zamankı kompromis “öz qiyməti istənilən hər hansı bir kompromis kimi zəruri idi” . Merkel yazır ki, Rusiya prezidenti Vladimir Putin hər iki ölkəni bloka daxil etmək vədini “müharibənin elan olunması” kimi qiymətləndirəcəkdi.

Angela Merkel ölkənin NATO-ya qəbulu üçün meyarların mövcudluğunu xatırladıb ki, bu meyarlar da onun hərbi potensialı ilə yanaşı, daxili strukturunun xüsusiyyətlərini də nəzərə alır. Almaniyanın keçmiş kansleri bildirib ki, Ukrayna alyansa qoşulsa, onun hərbi strukturları Rusiya ilə birbaşa təmasda olacaqdı, çünki Qara Dəniz Donanmasının birləşmələri Rusiya tərəfindən ilhaq edilmiş Krımda yerləşirdi.

Maraqlıdır ki, Ukraynanın Şimali Atlantika Alyansına qəbulu ilə bağlı Angela Merkelin o vaxt tutduğu mövqe, mahiyyət etibarı ilə təşkilatın aparıcı dövlətlərinin indiki siyasətindən fərqlənmir. Belə ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bir neçə ay sonra Kiyev NATO-ya sürətləndirilmiş proqram əsasında daxil olmaq üçün müraciət edib. Ötən ilin yayında blokun üzvləri Vilnüsdə keçirilən sammitdə Ukraynanın üzvlük prosedurunu sadələşdirsələr də, Kiyevin təkidlərinə rəğmən, bunun üçün konkret tarix təyin etməyiblər.

Qeyd edək ki, Almaniyanın keçmiş hökumət başçısının “Azadlıq. Xatirələr 1954-2021” kitabının təqdimatı noyabrın 26-da baş tutacaq. Angela Merkel bu əsəri onun bürosuna rəhbərlik edən və uzun müddətdir köməkçisi olan Beate Bauman ilə birgə yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Merkel   xatirələr   NATO  





Xəbər lenti