Deputatlarımız kimlərin kitabını oxuyur? - Sorğu

Deputatlarımız kimlərin kitabını oxuyur? - Sorğu
  09 Dekabr 2014    Oxunub:4451
Həyatda hər kəsin bir və bəzən də bir neçə hobbisi olur.
Kimisi musiqi dinləməyi, digərləri səyahətə çıxmağı, bəziləri kinoya, tamaşanı seyr etməyi, başqaları idmanla məşğul olmağı, kimisi balıq ovuna çıxmağı, bir qismi rəsm çəkməyi, digər qismi də kitab oxumağı və sair sevir, xoşlayır, öz hobbisi sayır.

Ümumiyyətlə, çox az adama rast gəlmək olar ki, o, kitab (dərslik nəzərdə tutulmur) oxumasın, kimisə, kimlərisə mütaliə etməsin. Bəs görəsən, Azərbaycan siyasətçiləri, millət vəkilləri necə, boş, asudə vaxtlarında kitab oxumağı, bədii (bədii olmaya da bilər) ədəbiyyatı mütaliə etməyi sevirlərmi, xoşlayırlarmı və adətən kimlərə, hansı əsərlərə üz tuturlar?

Tahir Rzayev: “Qanun yaradıcılığı, insanlarla görüşlər, müxtəlif tədbirlər vaxtımın çoxunu alsa da, bədii yaradıcılığı, yeni əsərləri mütaliə etməyi də unutmuram”

AzVision.az xəbər verir ki, bununla bağlı gün.az-ın sorğusunu cavablandıran millət vəkili, şair Tahir Rzayev ilk öncə qeyd edib ki, hər gün mütaliə etmək insanın dünyagörüşünün formalaşdırması baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, nəinki gündəlik mətbuatı izləmək, müxtəlif xəbərlərlə tanış olmaq, həm də bədii ədəbiyyat oxumaq normal insanın ənənəvi tələbatıdır.

Millət vəkili bildirib ki, indiki şəraitdə informasiya bolluğu dövründə dünyada baş verən hadisələrdən xəbər tutmamaq insan üçün bir qəbahət sayılmalıdır:

“Gündəlik bir neçə qəzeti oxumadan, internetdən, sosial şəbəkələrdən xəbərləri izləmədən keçinə bilmirəm. Maraqlı yazıları təhlil edirəm.

Bəzən tanıdığım müəlliflərə zəng edib minnətdarlığımı da bildirirəm. Özüm də müntəzəm olaraq bədii-publisist məqalələrlə qəzet səhifələrində çıxış edirəm. Müxtəlif informasiya vasitələrinə müsahibələr verirəm. Vaxtaşırı olaraq dünyada baş verən ictimai-siyasi hadisələrə öz münasibətimi bildirirəm. Qanun yaradıcılığı, insanlarla görüşlər, müxtəlif tədbirlər vaxtımın çoxunu alsa da, bədii yaradıcılığı, yeni əsərləri mütaliə etməyi də unutmuram.

Bu il iki kitabım işıq üzü görüb. Bir çox elmi, bədii-publisist məqalələrim çap olunub. Yeni bir kitabım çapa hazırlanır. Bu il bir çox elmi-bədii əsərlər mütaliə etmişəm. Ulu öndərimiz Heydər Əliyevin ölməz irsinə, hörmətli prezidentimiz İlham Əliyevin çox geniş fəaliyyətinə həsr olunmuş əsərlər, Nizami Gəncəvinin, İsmayıl Şıxlının, Nazim Hikmətin, Bəxtiyar Vahabzadənin , Zəlimxan Yaqubun, Əli İldırımoğlunun, Cəfər Sübhaninin yaradıcılığı bu baxımdan xarakterikdir. Bəzən oxuduqlarıma yenidən qayıtmağa ehtiyac duyuram. Fəlsəfi-dini əsərləri daha çox oxumaq əzmindəyəm.

Gənclərin yaradıcılığı ilə yaxından maraqlanıram. Onların bir çoxu ilə əlaqə saxlayıram. Ümumiyyətlə, mütaliə etmək, yaradıcılıqla məşğul olmaq, insanlarla ünsiyyət saxlamaq həyatımın mənasıdır. Və elə bilirəm ki, hər bir insan bunu bacarmalıdır”.

Hadi Rəcəbli: “Hərdənbir balaca şeirlər də yazıram”

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəbli son zamanlar deputat həmkarı, həm orta məktəbdə, həm də parlamentdə parta yoldaşı olan yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı”, “İki fateh” əsərlərini, həmçinin, Bаltаsаr Qrаciаn-i-Моrаlеsin “Карманного оракула” əsərini oxuduğunu bildirib.

Bununla yanaşı, özünün də məqalələr, dərslik kitabları üzərində işlədiyini nəzərə çatdırıb:

“Bir neçə elmi-publisistik məqaləm çıxıb. Hərdənbir balaca şeirlər də yazıram”.
Ancaq həmin şerləri kitab şəklində çap etdirməyi düşünmür:

“Şeir kitabı dərc etdirmək fikrim də yoxdur. Dediyim kimi, aradabir bir dənə nəvəyə, nə bilim, dostlara həsr etdiyim şeirlərim olur, vəssalam. Amma əsasən yazdıqlarım bütövlükdə elmi-publisistik məqalələrdir. Elmi-publisistik məqalə, yazı dedikdə də, ən azı bir ay onun üzərində işləyirik. O yazılar da elə-belə olmur. Yəni, elmi-publisistik məqalələr, yazılar sonradan kitablar, dərsliklər üçün material olur”.

Kamilə Əliyeva: “Əvvəllər oxuduğum əsərlərdən hansıları ki çox bəyənirəm, zaman keçdikcə bir daha onların üzərinə qayıdıram, onları təkrar mütaliə edirəm”

Orta məktəb vaxtlarından ədəbiyyatla çox yaxından maraqlandığını, bədii ədəbiyyat mütaliə etməyi xoşladığını bildirən BDU-nun professoru, millət vəkili Kamilə Əliyeva onu da qeyd edib ki, son illər işlərinin çoxluğu, deputat fəaliyyəti ilə bağlı əlaqədar bədii əsərləri oxumaqdan bir az uzaqlaşmalı olub:

“Ən axırıncı Viktor Hüqonun seçilmiş əsərlərini oxumuşam. Ümumiyyətlə, mən əvvəllər oxuduğum əsərlərdən hansıları ki çox bəyənirəm, zaman keçdikcə bir daha onların üzərinə qayıdıram, onları təkrar mütaliə edirəm.

Bu baxımdan, sonuncu, yəni, yenidən oxuduğum Viktor Hüqonun seçilmiş əsərləri, “Səfillər” romanı olub. Ümumilikdə isə poeziyanı çox xoşlayan insanam. Ən yorğun vaxtımda belə və yaxud da, əhval-ruhiyyəmin lap yüksək vaxtında mən şeirlər oxumağı çox xoşlayıram.

Məsələn, Mirzə Şəfi Vazehi çox oxuyuram, bir də Nazim Hikməti çox bəyənirəm. Bəzən də Sədi Şirazinin seçilmiş əsərlərini oxumağa üstünlük verirəm”.

Özünün kitab yazmasına və ya dərc etdirməsinə gəlincə, millət vəkili bunları deyib:
“Mən tibbi genetika kitabını öz işimlə əlaqədar olaraq hər il yeniləşdirib çapa verirəm. Bu dəqiqə mən tibbi genetikanı Azərbaycan dilində çap etdirmişəm, indi onun rus variantı üzərində işləyirəm. Çünki bizdə rus bölməsinin də tələbələri olduğuna görə birinci dəfə Azərbaycan dilində yazmışam, indi isə onu rus dilində dərc etdirməyi nəzərdə tuturam”.

Jalə Əliyeva: “Yeni nəfəsləri də izləməyə ehtiyac var”

Millət vəkili Jalə Əliyeva dövrü mətbuatı, yeni nəşrləri izlədiyini dilə gətirib:

“Elmi-publisistik jurnalları, bədii jurnalları, məsələn, “Azərbaycan”, “Ulduz” jurnallarını, həmçinin rus jurnallarında çap olunan əsərləri izləyirəm, onları gözdən qaçırmamağa çalışıram. Həmçinin bu gün Azərbaycanda baş verən ədəbi prosesləri yaxından izləyirəm.

Yəni, ədəbiyyata yeni nəfəslər, yeni cərəyanlar, gənc nəsil gəlir. Eyni zamanda, onların köhnələrlə, daha doğrusu, yaşlı nəslin nümayəndələri, yazarları ilə bitməyən savaşı, həmçinin varislik münasibətləri, əlaqələri və yaxud, tamamilə bir-birini qəbul etməmək, bütün bunlar gələcəkdə böyük bir araşdırmanın, tədqiqatın mövzusuna da çevrilə bilər. Bu baxımdan, həmin ədəbi prosesləri izləməyə çalışıram.

Bununla yanaşı, gənclik dövrümün ədəbiyyatını, müasirlərimin əsərlərini kifayət qədər oxumuşam. Həm də onların arasında artıq kifayət qədər özüm üçün yazıçı, şair hesab etdiyim insanlar var və onların kimlər olduğu da heç kimə sirr deyil. Amma dediyim ki, yeni nəfəsləri də təbii ki, izləməyə ehtiyac var. Çünki belə demək mümkünsə, dünya dəyişdikcə və cəmiyyət daha demokratikləşdikcə, təbii ki, abı-hava da tamamilə dəyişir, sözə də böyük bir demokratiklik gəlir...

Özümə gəlincə isə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi haqqında buraxılan çox dəyərli elmi-monoqrafik kitabın elmi rəhbərliyini etmişəm. Bir neçə publisistik məqaləm çap olunub. Eyni zamanda, sırf elmi yaradıcılıqla, türk ədəbiyyatı ilə bağlı elmi axtarış jurnallarında məqalələrim çap olunub. Həmçinin universitet üçün metodik vəsaitim çap olunub”.

Fazil Mustafa “Qafqazın 12 sirri” əsərini oxuyub

“Əsəd Bəyin “Qafqazın on iki sirri” əsərini tamamladım. 20-ci illərdə yazılmış bestellerdir”, – deyən millət vəkili Fazil Mustafa bildirib ki, əsər “Qanun” nəşriyyatında işıq üzü görüb:

“Qafqaz haqqında, xalqların həyat tərzi, kültürü barədə bilgi sahibi olmaq istəyənlərin oxumasını tövsiyə edirəm.

Mükəmməl bir əsərdir, hamının faydalanacağından əminəm.

Ötən gün də azərbaycanlı müəllif Sadıq Qarayevin “Sahilsiz təzadlar” kitabını tamamladım. İri həcmli roman da olsa, rahat oxuya bildim.

Təbii ki, bədii üslubunda, süjetlərin konstruksiyasında razı qalmadığım məqamlar oldu, ancaq ən üstün məziyyəti Azərbaycan ədəbiyyatında alışmış olmadığımız bir üslubun - elmi diskussiyaların maraqlı şəkildə ədəbiyyata gətirilməsinin şahidi oldum.

Günlük həyat hadisələri içində insanların elmi düşüncə ilə problemləri çözməyə çalışması faydalı bir yanaşmadır və bilmədiyim xeyli məsələlər haqqında təsəvvürlərin yarandığını düşünürəm”.

Sevinc Fətəliyeva: “Son dövrlər “Çərpələng uçuran” əsərini oxumuşam”

Bədii ədəbiyyatı mütaliə etməyi xoşladığını deyən millət vəkili Sevinc Fətəliyeva isə son dövrlər əfqan yazıçısı Xalid Hüseyninin məşhur “Çərpələng uçuran” əsərini oxuduğunu söyləyib.

Rafael Cəbrayılov iki kitab üzərində işləyir

Digər millət vəkili Rafael Cəbrayılov da bədii, o cümlədən, hüquq sahəsinə aid olan əsərləri izləməyə çalışdığını, eyni zamanda, özünün iki kitab üzərində çalışdığını bildirib:

“Son vaxtlar mən yalnız hüquqla bağlı kitablar oxuyuram. Eyni zamanda, hüquq sahəsinə aid olan iki kitab hazırlaşıram - biri Azərbaycanda hüquq islahatlara, bir də sərbəst toplaşmaq azadlığına həsr olunan kitabdır. Çalışacağam ki, hər iki kitabım bu ilin dekabr və ya gələn ilin yanvarda dərc olunsun, işıq üzü görsün”.

Azər Badamov Cingiz Abdullayevin əsərlərinə üstünlük verir

Millət vəkili Azər Badamov da öz növbəsində deyib ki, hazırda oxuyub başa çatdırdığı xalq yazıçısı Çingiz Abdullayevin “Əclafların qanunu” əsəridir.


Teqlər:





Xəbər lenti