Muzeyə 500 milyon dollarlıq hədiyyə

Muzeyə 500 milyon dollarlıq hədiyyə
  08 Noyabr 2014    Oxunub:1991
Amerikalı mesenat Cerri Perençio Los-Anceles incəsənət muzeyinə (Los Angeles County Museum of Art) impressionistlərin 500 milyon dollar məbləğində qiymətləndirilən 47 sənət əsərini bağışlamaq barədə qərarını açıqlayıb.
Muzey rəhbərliyi bu kolleksiyada Klod Mone, Edqar Deqa, Eduard Mane, Pablo Pikasso və Kamilya Pissarro kimi məşhur sənətkarların əsərlərinin olduğunu bildirib.

AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 83 yaşlı C.Perençio Los-Ancelesdə 70 il yaşadığını və ailəsinin şəhərə edilən bu hədiyyə görə qürur duyduğunu qeyd edib. Mesenatın vəsiyyətinə əsasən, Los-Ancelesin Bel-Eyr rayonundakı malikanəsində saxlanılan rəsm əsərləri və heykəllərdən ibarət kolleksiya onun ölümündən sonra muzeyə təmənnasız olaraq veriləcək. Bunun üçün C.Perençio rəhbərlik qarşısında muzeyin 2023-cü ilə planlaşdırılan yeni binasının tikintisini başa çatdırmaq tələbini qoyub.

Qeyd edək ki, Perençio karyerasına Hollivudda istedadlı aktyorları üzə çıxarmaqla məşğul olan agent kimi başlayıb. Sonradan ABŞ-da ən iri ispan dilli Univision kompaniyasının ortaqlarından biri olub. Hazırda onun kompaniyadakı 16 faizlik payı 1,3 milyard dollar həcmində qiymətləndirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti