Azərbaycanlı həkim beynəlxalq konqresdə

Azərbaycanlı həkim beynəlxalq konqresdə
  24 Oktyabr 2014    Oxunub:2558
29-31 oktyabr 2014-cü il tarixində Böyük Britaniyanın Liverpul şəhərində Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) təşkilatçılığı ilə Dünya Konqresi keçiriləcək.

Cəmiyyətin təşkil etdiyi 34-cü Dünya Konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri, tibb elmləri doktoru Ramiz Bayramov təmsil edəcək. Cəmiyyətin rəsmi saytından göründüyü kimi həmyerlimiz mədə xərçənginin cərr ahi müalicəsinə dair elmi məruzə ilə çıxış etmək üçün dəvət edilib.

Konqresin proqramı ilə tanış olarkən diqqət yetiriləsi məsələlərdən biri də ondan ibarətdir ki, qonşu ölkələrimizdən yalnız Rusiyadan bir mütəxəssisin, keçmiş SSRİ respublikalarından isə Rusiyadan başqa yalnız Ukraynadan bir müəllifin məruzələri konqresin elmi proqramına salınmışdır.

Xüsusi maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, çıxış üçün Rusiyadan dəvət almış məruzəçi ‒ Z.Məmmədli N.N.Bloxin adına ROEM-in əməkdaşı kimi kongresdə dünya mütəxəssislərinə Rusiyanın Onkologiya elminin nailiyyətlərini təqdim etsə də, milliyyətcə azərbaycanlıdır və Azərbaycan Tibb Universitetinin 1996-cı il məzunudur.

Azərbaycan Tibb Universitetinin rəsmi saytından və mediadan aldığımız məlumatlara əsasən qeyd etmək istəyirik ki,hazırkı kongres t.e.d. R.Bayramovun Avropada keçirilən mötəbər konqreslərdə ölkəmizi elmi çıxışları ilə təmsil etdiyi ilk elmi tədbir deyildir.

O, Avropa Onkoloqlar Cəmiyyətinin (ESMO) Gastrointestinal Bədxassəli Şişlərə dair 14-cü Dünya Konqresində (Barselona, 2012), 15-ci Dünya Konqresində (Barselona, 2013) və 16-cı Dünya Konqresində (Barselona, 2014) mədə-bağırsaq sistemi xərçənginin cərrahi müalicəsində əldə etdikləri nailiyyətlərlə bağlı çıxış üçün dəvətlər almış və hər üç kongresdə öz məruzələri ilə ölkəmizin onkologiya elmini layiqincə təmsil edib.

Sonda qeyd edək ki Avropa Cərrahi Onkologiya Cəmiyyəti (ESSO) Dünya Konqresini ildə bir dəfə olmaq şərtilə hər il Avropada keçirir. Konqresin məqsədi və vəzifəsi cərrahi onkologiyaya dair nailiyyətləri bölüşdürməkdən, yaymaqdan, beləliklə də onkoloji xəstələrin sağalması istiqamətində yeni ipucları verməkdən ibarətdir. Konqresdə ABŞ-dan Yaponiyayadək dünyanın bütün olkələrindən minlərlə cərrah-onkoloq iştirak etsə də məhdud sayda mütəxəssislər çıxış üçün dəvət alırlar. Başqa sözlə, çıxış üçün konqresə müvafiq sahədə böyük təcrübəyə və nailiyyətə malik mütəxəssislər və ekspertlər dəvət edilirlər.

Konqresin elmi proqramı ilə BURADAN tanış olmaq olar.


Teqlər:





Xəbər lenti