Əliyevin tarixi qələbəsi, Sarkisyan pərt oldu

Əliyevin tarixi qələbəsi, Sarkisyan pərt oldu
  11 Oktyabr 2014    Oxunub:21210
Ötən gün Minskdə Avrasiya İqtisadi İttifaqının iclasında Ermənistanın bu quruma üzvlüyü haqqında sənəd imzalanıb. Ermənistanın “Yeni SSRİ”-qə qoşulması onlar üçün ilk baxışdan heç də uğurlu alınmadı. Belə ki, Ermənistan Aİİ-ə Azərbaycan prezidenti İlham Əliyevin ortaya qoyduğu şərtlərlə razılaşdıqdan sonra sənədə imza ata bildi.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin açıqlamasına görə, Ermənistanın üzvlüyünə dair bütün hüquqi və iqtisadi məsələlər razılaşdırılıb.

"Eyni zamanda bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğuna dair verdiyimiz həssas sual ətrafında kompromis əldə etmək mümkün olub" - deyə Nazarbayev bildirib.

Xatırladaq ki, bu ilin may ayında Astanada Avrasiya İttifaqı təsis olunarkən Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan etmişdi. Nazarbayev bildirmişdi ki, Azərbaycan prezidenti Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədlər daxilində mümkün ola biləcəyini və bunun nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.

Nazarbayevin bu bəyanatından sonra Serj Sərkisyan möhkəm pərt olmuşdu. İndi belə məlum olur ki, Sərkisyan Azərbaycan prezidentinin məktubunda vurğulanan şərtlə razılaşıb, nəticədə Nazarbayev Ermənistanın üzvlüyünə yaşıl işıq yandırıb.

Tanınmış politoloq Elman Nəsirov Ermənistanın Aİİ-əyə qoşulması və eləcə də Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü şərtlərlə razılaşmasına dair mövcud prosesləri şərh edib.

Siyasi ekspert AzVision.az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycanın tələbi ilə razılaşmasını kompromis kimi qiymətləndirmək olmaz. Çünki Nazarbayevin bəyanatından sonra Sarkisyan belə fikir səsləndirmişdi ki, bizim onsuz da Dağlıq Qarabağla birlikdə bu ittifaqa qoşulmaq tələbi irəli sürməmişdik.

E.Nəsirov vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin Nazarbayevə məktubundan sonra Qazaxıstan prezidenti bir neçə dəfə bəyan etmişdi ki, Ermənistan yalnız beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlər çərçivəsində Gömrük İttifaqına qoşula bilər:

“Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı məsələ keçən il sentyabrda Sarkisyanın Moskva səfəri zamanı müzakirə edilmişdi. Ondan sonra isə həmişə təxirə salınıb. Bu məsələdə Azərbaycan dövlətinin də qətiyyətli mövqeyi var. Ölkə prezidenti İlham Əliyevin müəyyən etdiyi mövqeyə görə, Ermənistanın Gömrük İttifaqına qoşulması yalnız və yalnız bu ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində mümkündür. Heç bir halda bu proses Qarabağla birlikdə baş tuta bilməz. Bununla əlaqədar İlham Əliyev Nursultan Nazarbayevə məktub yazmışdı. Nazarbayev də sonradan bu mövqeyi səsləndirdi”.

Politoloq qeyd edib ki, Ermənistan məğlub olduğunu qəbul etməmək üçün belə fikir səsləndirir ki, əvvəldən də bu ölkənin Gömrük İttifaqına Dağlıq Qarabağla birlikdə qoşulmaq fikri olmayıb:

“Bu, həqiqətdir ki, Ermənistan dövləti daha da zəiflədikcə, ölkənin qitisadi potensialı tükəndikcə, əhali ölkəni tərk etdikcə, daha çox güzəştə getməkdən başqa çarəsi qalmayacaq. Hesab edirəm ki, Ermənistan Gömrük İttifaqına qoşulmaq məsələsini keçən ildən bu günə qədər ona görə uzadırdı ki, bunu mümkün qədər Dağlıq Qarabağla birlikdə reallaşdırsın. Görəndə ki, təzyiqlərlə üzləşir və potensialı buna çatmır, üstəgəl Azərbaycanın mövqeyi güclüdür və Azərbaycan dəstəklənir , onda başqa yolu qalmır, məğlubiyyəti qəbul etmir və qabaqlayıcı addım ataraq onsuz da Dağlıq Qarabağla daxil olmaq niyyətinin olmadığını deyir”.

E.Nəsirov Ermənistandakı vəziyyətin ürəkaçan olmadığını bildirib. “Böyük Britaniyanın nüfuzlu beyin mərkəzlərindən birinin gəldiyi nəticə çox doğrudur. Bu beyin mərkəzinin nəticəsinə görə, hazırda Ermənistan üçün prioritet məsələ heç də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi deyil. Bir nömrəli problem ölkənin suverenliyinin tamamilə itirlməsi ilə bağlı priblemdir. Bunlar bir daha təsdiq edir ki, zaman keçdikcə proseslər ermənistanın əelyhinə inkişaf edir. Azərbaycanın potensialı güclənir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti