Elmin İnkişafı Fondu beynəlxalq konfrans keçirəcək

Elmin İnkişafı Fondu beynəlxalq konfrans keçirəcək
  09 Oktyabr 2014    Oxunub:2242
Oktyabrın 21-22-də Bakıda Elmin İnkişafı Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı keçiriləcək.

Beynəlxalq konfransda 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində birgə yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələr məruzə ediləcək, monitorinq xarakteri daşıyan müzakirələr aparılacaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr veriləcək.

Konfransdan əvvəl BRFTF ilə EİF-in birgə qrant Komissiyasının iclası keçiriləcək, 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılacaq, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılacaq. 2-ci müsabiqənin konfrans ərəfəsində elan olunması planlaşdırılır.

Qeyd edək ki, 2012-ci il 28 sentyabr tarixində Minsk şəhərində Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanıb. Bu məsələ Azərbaycan-Belarus Hökumətlərarası komissiyanın müxtəlif illərdə keçirilmiş iclaslarının protokollarına da daxil edilib.

Sazişə əsasən, Elmin İnkişafı Fondu Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan edərək keçirib.

Bu müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib, Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000 manat olub.


Teqlər:





Xəbər lenti