Büdcə təşkilatları borclarını niyə ödəmirlər? - TƏHLİL

Büdcə təşkilatları borclarını niyə ödəmirlər? - TƏHLİL
  09 Sentyabr 2014    Oxunub:13237
Caril ilin dövlət büdcəsinin icra vəziyyəti qənaətbəxş olsa da, risk altındadır. Bu ilin dövlət büdcəsinin asan icra olunmayacağı qabaqcadan vurğulanıb. Dövlət Neft Fondundan (ARDNF) transfertin 17,7 % azaldılmasıyla bərabər, Neft Şirkətindən (ARDNŞ) də mədaxilin yerinə yetirilməsi havadan asılı vəziyyətdə sayılır. Üstəlik, neftin dünya bazarlarında qiyməti 100 dollardan aşağı düşsə, vəziyyət lap, qəlizləşəcək.

Yanvar-iyul ayları ərzində büdcənin gəlirlər hissəsinə faktiki 11,1 milyard manat - ümumi daxili məhsulun (ÜDM) 32,6 faizi həcmində vəsait daxil olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az deməkdir. Xərclər isə 0,9 faiz artmaqla 10,3 milyard manat (ÜDM-in 30,3 faizi) təşkil edib ki, göstərilən müddət ərzində dövlət büdcəsinin profisiti cəmi 774 milyon manat – ÜDM-in 2,3 faizinə bərabər olub.

Büdcəyə daxilolmaların strukturunda 39,6 faiz - 4,4 milyard manat Vergilər Nazirliyinin xətti ilə təmin olunub, gömrük rüsumları ilə vergilərin hesabı isə 868,1 milyon manat (7,8 faiz çəki ilə) təşkil edib. Paralel olaraq, digər mənbələrin payı 52,6 faizlə 5,8 milyard manat olub.

Beləliklə, vergi daxilolmalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 7, gömrük ödəmələrinin isə 13,6 faiz artdığı qeydə alındığı halda, digər mənbələrdən gəlirlərin 10,4 faiz azaldığı diqqəti cəlb edir.

Məsələ bundadır ki, iri büdcə tədiyyəçiləri öhdəliklərini yenə kəsirlə yerinə yetirirlər. Təkcə, ARDNŞ üzrə vəziyyət qənaətbəxş sayılır ki, digər büdcə öhdəlikçiləri istiqamətindəsə əvvəla nə dəqiq məlumat, nə də əvvəlki illərdəkindən fərqli olaraq irəliləyiş yoxdur.

Büdcə təşkilatlarının özlərinin istifadə etdikləri adi enerji və kommunal xidmətlərə görə belə, bu ilin birinci yarısında 8 milyon manat borclarının olduğu məlumdur. Bu ilin ilk rübündə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 347,8 milyon kVt/saat elektrik enerjisi, 63,5 min Q.kal istilik enerjisi, 46,4 milyon kubmetr təbii qaz, 5,1 milyon kubmetr su, 1,9 milyon manatlıq rabitə xidmətləri istehlak edilsə də, elektrik enerjisinin 5,4 milyon, təbii qazın 1,4 milyon, istilik enerjisinin 522,0 min manatı, suyun 390,7 min, rabitə xidmətlərinin isə 149,1 min manatı ödənilməmiş qalırdı.

Yeri gəlmişkən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təbii qazın istehlakında 10,5 faiz, elektrik enerjisində 9,8 faiz, istilik enerjisinin istehlakında 6,7 faiz artım qeydə alındığı halda, rabitə xidmətlərinin dəyərində 5,0 faiz, suyun istehlakında isə 7,3 faiz azalma müşahidə olunub. İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 5,0 faiz artaraq 33,7 milyon manat təşkil edib.

Sual yaranır ki, vətəndaşların bir qismi sosial vəziyyətlərini bəhanə gətirdikləri halda, büdcədən maliyyələşən qurumlar görəsən, niyə və yaxud hansı səbəbdən kommunal xərclərini ödəmirlər? Bunun müqabilində həmin xidmətə cavabdeh olan qurumların - büdcə tədiyyəçilərinin öz öhdəliklərini yerinə yetirmələrini gözləmək olarmı? Necə olur ki, adi vətəndaşlar üzrə borclar yarandığı halda dərhal bəyan edilir və müvafiq qurumlar hərəkətə keçir, büdcə təşkilatlarının isə 3 ayda 8 milyon borcu yaranır?

Qeyd olunan vəziyyət bir daha sübut edir ki, bizdə bu sahədə ciddi problemlər hökm sürür və illər keçdikcə vəziyyət düzəlmək əvəzinə belə görünür ki, daha da dərinləşir.

Büdcə təşkilatlarının işlətdikləri enerji resurslarına görə pulu ödəməmələri bir yana qalsın, bu sahədə heç düz-əməlli uçot və statistka da yoxdur. Bunu qeyd etdiyimiz məlumatın aid olduğu tarix də təsdiq edir.

Belə ki, ilin az qala üçüncü rübü də başa çatmaq üzrə olsa da, büdcə təşkilatlarının istifadə etdikləri enerji və kommunal xidmətlərə görə 8 milyon manat borcları olduğu bu ilin birinci yarısına aiddir. İri büdcə tədiyyəçilərinin ödənişləri haqda isə ümumiyyətlə, statistika yoxdur. Halbuki, ARDNŞ üzrə müvafiq məlumat demək olar, hər rüb verilir. Və bir kiçik kəsir və yaxud “axsaqlıq” müşahidə edilən kimi dərhal həyacan təbili çalınır.

Bəs “Azərbaycan Hava Yolları” QSC, Rabitə Nazirliyi, "Azərenerji" ASC, «Azərbaycan Dəmir Yolları» QSC və sair kimi qurumların ödənişləri nə yerdədir? Təəssüf ki, bu barədə heç bir məlumat yoxdur.

Ümumiyyətlə, Azərbaycanda borclarla bağlı iki ciddi problem mövcuddur. Hansı ki, bir-birinə çulğalaşaraq artıq çoxdan zəncirvari xarakter alıb. Bunlardan birincisi debitor borclarıdır. Ölkəmizdə debitor borclar problemi neçə illərdir ki, nəinki həllini tapmır, əksinə sistemdaxili borcların durmadan artması nəzərə çarpır. Büdcədə nəzərdə tutulub, öz təyinatına görə vaxtında istifadə edilməyən - yönəldilməyən hər 1 manat vəsait isə borclar sistemindən keçərək 4-5 manat da əlavə öhdəlik yaranmasına gətirib çıxarır.

İkincisi isə haqqında söhbət açdığımız iri büdcə tədiyyəçilərinin borclarıdır. Həmin borcların bir hissəsi obyektiv səbəblərdən yaranırsa, xeyli hissəsi isə məhz sünü yollla formalaşır. Yuxarıda qeyd etdik ki, büdcə təşkilatlarının özlərinin istifadə etdikləri adi enerji və kommunal xidmətlərə görə bu ilin birinci yarısında 8 milyon manat borcları var. İri büdcə tədiyyəçilərinin borclarının bir hissəsi obyektiv olaraq məhz bu səbəbdən yaranır.

Sual yaranır ki, bəs, digər ödəməmələr nədən yaranır?

Ən mənfi cəhət isə ondan ibarətdir ki, sonradan qarşılıqlı borcların bu və ya digər yolu ləğv olunması ilə bunların hətta silinməsi də baş verir. Düzdür, son vaxtlar yuxarıda adları çəkilən qurumların büdcəyə olan borclarının ümumi məbləğində azalma meylləri vardır. Lakin bu, heç də hamısında belə deyil.

Bəs, vəziyyətdən çıxış yolu nədədir?

Əvvəla, bütün büdcə təşkilatları və həmçinin, hüquqi şəxslər üzrə onlara göstərilən bütün xidmətlərdən, xüsusən də enerji resurslarından istifadəyə görə ödənişlərin gecikdirilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, enerjidən istifadəyə görə dövlət büdcəsindən subsidiyalaşdırma aradan götürülməlidir.

İkinci isə bu sahədə müvafiq hüquqi baza yaradılmalı və “Dövlət Maliyyə Nəzarəti haqda” qanun qəbul edilməlidir. Və uyğun olaraq qeyd olunan nəzarətin işlək mexanizmi hazırlanıb, həyata keçirilməlidir.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti