Ailə hakimiyyəti: korrupsiya və klanbazlıq – DOSYE

Ailə hakimiyyəti: korrupsiya və klanbazlıq – DOSYE
  08 Sentyabr 2014    Oxunub:17342
Barak Obama namizədliyini təzə-təzə irəli sürəndə “ümidlərin adamı” sayılırdı. Onun respublikaçı rəqibinə qalib gəlməsində Buş hakimiyyətinə olan tənqidlər böyük rol oynamışdı. Buş adminstrasiyası o zamana qədər olan ən qeyri-effektiv, korrupsiyaya bulaşmış, konkret dairələrin maraqlarınına lobbiçilik edən, tayfa-klan prinsipi əsasında qurulan bir kabinet sayılırdı.

Amma ilk qaradərili prezidentin zamanında da vəziyyət dəyişmədi. Daha doğrusu, dəyişdi, amma pis tərəfə.

İndi də ABŞ-da bütün vacib dövlət postlarını Obama ilə qohumluğu və ya dostluğu olan şəxslər, yaxud onun sponsorları tuturlar. Beynəlxalq Jurnalist Araşdırmaları Bürosunun topladığı dosyedən də görünür ki, Obama hakimiyyəti ancaq 4 prinsip əsasında qurulub: qohumluq, dostluq, biznes və korrupsiya əlaqələri.



“The New York Times” hələ 2008-ci ildə yazmışdı ki, “Seçki kampaniyasında Obama ailəsi “dostun köhnəsi” prinsipilə hərəkət edir... Onlar hələ Çikaqo elitasının bir üzvü olanda uğurlu biznesmenlər, hüquqşünaslar, həkimlərdən ibarət bir şəbəkə formalaşmışdı. Sonradan məhz həmin şəbəkə Obamanın Senata və Ağ Evə yolunu açdı”. Bu şəbəkə ABŞ mediasında açıq şəkildə “Ailə” adlandırılır.

Obama Ağ Evin sahibi olan kimi “Ailə”nin təmsilçiləri də dövlət vəzifələrində yüksək postları tutdular. Buyurun, onlarla tanış olun:

Valeri Carret

2009-cu ildən bu günə qədər ABŞ prezidentinin baş məsləhətçisi, həmçinin hökumətlərarası və ictimaiyyətlə əlaqələr üzrə köməkçisidir. Obama administrasiyasının əsas oyunçularından sayılan Valeri həm də “ObamaCare” adını alan qalmaqallı səhiyyə islahatının müəllifidir.

Ağ Evdə “boz kardinal” sayılan Carretin prezident ailəsinə böyük təsir imkanları var və bu imkanlardan özünün maddi maraqları naminə geniş istifadə edir.

Obamanın siyasətə yolunu açan və az qala onun “xaç anası” sayılan Valeri Carretin adı son illər bir çox korrupsiya qalmaqallarında hallanıb. Onun “Habitat Company” şirkəti maxinasiyalar vasitəsilə gəlirli sövdələşmələr əldə edib. Məsələn, sökülməli olan binanın yaşıllıq işlərinə görə büdcədən xeyli pul alıb. “Lawndale Restoration” layihəsinə görə isə pul alsa da, işi o qədər yubadıb ki, axırda Vaşinqton merliyi işi özü görməli olub.



Çikaqo 2016-cı ilin Olimpiya oyunlarına namizədliyini irəli sürəndə Valeri Carretin firması stadionun və olimpiya kəndinin tikilməsi layihəsini ələ keçirib. Nəticədə şəhərin büdcəsinə 500 milyon dollar ziyan vurub. Üstəlik, Çikaqo oyunlara ev sahibi olmaq hüququnu qazana bilməyib.

Amma “Obamanın beyninin yarımkürələrindən biri” adlandırılan Carretin korrupsiya qalmaqalları bununla da bitmir. O, siyasi çəkisindən faydalanaraq, tikinti sektorunda bir çox layihələrə himayədarlıq etməklə, şirkətlərdən bonuslar alır.

Ən dəhşətli məqamlardan biri healthcare.gov saytı ilə bağlı maxinasiyadır. Bu, “ObamaCare” tibbi sığorta layihəsinin saytı olmalı idi və onu CGI Federal şirkəti yaradırdı. Şirkətdə Carretin kürəkəni Toni Beyliksson işləyir. Saytın hazırlanması üçün büdcədən 678 milyon dollar (!!!) pul ayrılıb. Bunu təsəvvür etmək belə, çətindir. Fəqət 678 milyon dollarlıq sayt bu günə qədər dəfələrlə çöküb.

Dezire Rocers

ABŞ-ın birinci xanımının aparatına başçılıq edən Rocers prezident ailəsinin ikinci ən yaxın dostu sayılır. Ağ Evə köçənə qədər enerji və tikinti sektorunda çalışıb.



“North Shore Gas” şirkətinə rəhbərlik edərkən 2006-cı ildə adı böyük bir korrupsiya qalmaqalında hallanıb. Məlum olub ki, şirkətin çəkdiyi qaz borularının çoxu korroziyadan yetərincə müdafiə olunmayıblar, nəticədə təhlükəsizlik qaydaları ciddi şəkildə pozulub.

Rocers 2004-cü ilin Senat və 2008-ci ilin prezident seçkilərində Obamanı maliyyələşdirənlərdən biri olub.

Onu da demək lazımdır ki, Dezire Rocersin artıq keçmiş əri Con Rocersə də İlinoys ştatının xəzinədarı vəzifəsi verilmişdi.

Riçard və Uilyam Deyli

Çikaqonun ən məşhur siyasi klanının təmsilçiləri vaxtilə hüquqşünas Barak Obamanın əsas müştərisi olublar. 2011-ci ildə Uilyam Prezident Adminstrasiyasının rəhbəri təyin olundu.

Mişel Obama isə vaxtilə 22 il Çikaqonun meri işləmiş Riçard Deylinin köməkçisi kimi çalışıb. O, məhz artıq adını çəkdiyimiz Valeri Carretin sözü ilə Mişeli işə götürmüşdü.



Riçard Deyli məhz korrupsiya və lobbiçilik qalmaqallarının artması nəticəsində postundan getməli olmuşdu. O, tikinti layihələrinin real dəyərindən milyonlarla artıq göstərilməsindən tutmuş, insanları işə götürərkən aldatmağa qədər bir çox cinayətlərdə ittiham olunurdu.

“Korrupsiya – Çikaqonun endemik xəstəliyidir... Bu şəhərin meriyası sadəcə, orada işləyənlərin gəlir mənbəyidir. Əgər sən Çikaqoda məmur işləyirsən və kasıbsansa, deməli, axmaqsan”,- deyə çikaqolu jurnalist Piter Bell yazır.

Hazırda “The Coca-Cola Company”-nin direktorlar şurasının üzvü olan Riçard Deyli Amerikanın ən böyük lobbiçilərindən biridir. Qardaşlar bundan başqa, daha bir neçə böyük şirkətə də nəzarət edirlər.

Penni Pritsker

Xarici dövlətlərə tətbiq olunan sanksiyalara görə məşhurlaşan ABŞ-ın hazırkı ticarət naziri Çikaqonun yəhudi bankir icmasının təmsilçisi sayılır. Vaxtilə Mişel Obamanın qardaşı Kreyq Robinsonla uşaqları bir komandada basketbol oynayıb və dostluq ediblər.



Ağ Evə köçənə qədər Penninin ən böyük uğuru Çikaqonun “Superior Bank of Chicago” bankını müflis etmək olmuşdu. Buna görə 460 milyon dollar cərimə də olunmuşdu.

Varisi olduğu “Hyatt” şəbəkəsinin işlərində də xeyli qalmaqallarla yadda qalıb.

Vaxtilə Pritsker ailəsi də Obamanın hüquqşünas kimi xidmətlərindən istifadə edib.

Hazırda Penni 1,85 milyard dollarlıq sərvətlə ABŞ-ın ən zəngin adamlarından biridir.


Martin Nesbitt

ABŞ-ın 44-cü prezidentinin irsini formalaşdıran Fondun rəhbəri 1 il ərzində bu məqsədlə yarım milyard pul xərcləyib. O, birinci ailənin yaxın dostudur: Barak Martinin oğlunun xaç atasıdır, Martinin arvadı isə Obamanın qızının xaç anası.



Nesbitt də həmçinin Obama ailəsi ilə Mişelin qardaşı, basketbolçu Kreyq Robinsonun vasitəsilə tanış olub. O, 1996-cı ildə “Pritzker Realty Group” şirkətində vitse-prezident olub, 1998-ci ildə Riçard Deyli və Penni Pritskerin yardımı ilə öz şirkətini qurub. Bundan sonra parkların yaradılması üçün olduqca sərfəli bir kontrakt əldə edib.

Nesbitt də Deyli qardaşları ilə birlikdə Çikaqonun Olimpiadaya ev sahibliyi etmək niyyətindən xeyli pul götürə bilib.

Ram Emanuel

2009-2010-cu illərdə Obama administrasiyasının rəhbəri, artıq adını çəkdiyimiz Uilyam Deylinin bu postdakı sələfi Ağ Evin bütün kadr məsələlərini kurasiya edirdi. Prezidentin işçi qrafikini tutmaq, görüşlərini təşkil etmək də onun səlahiyyətində idi.



Bu postdan gedəndən sonra isə Obamanın əli ilə Çikaqonun meri kürsüsünə əyləşdi. O kürsüyə ki, buna qədər 22 il Riçard Deyli oturmuşdu. Beləcə, ilk dəfə Çikaqonun idarəçiliyi bir yəhudiyə tapşırıldı.

Məhz Çikaqonun meri kimi Ram Emmanuelin adı milyonluq korrupsiya qalmaqallarında hallanıb.

Devid Akselrod

Obamanın bir nömrəli siyasi texnoloqu 2009–2011-ci illərdə prezidentin PR məsələləri üzrə baş məsləhətçisi olub. Obamanın kitablarını və çıxışlarını hazırlayan, redaktə edən adamdır.



Vəzifəsindən istifadə edərək, şəxsi reklam firmasını yaradıb və vacib kontraktlar əldə edib.

Akselrod da hələ 80-ci illərdən Roçard Deyli üçün işləyib. O, “qara namizədləri ağ seçiciyə qəbul etdirmək üzrə böyük mütəxəssis” sayılır.

Ram Emanuelin mer seçkisi kampaniyasını da Akselrod qurub.

Energetika və sənaye qruplarının maraqlarına cavab verən qanun layihələrini lobbiləşdirməklə yaxşı pullar qazandığı bildirilir.

Hazırda guya böyük siyasətdən çəkilib və Nesbittin köməkçisi qismində “Obama muzeyi”ni formalaşdırmaqla məşğuldur.

* *

Obama hakimiyyətə gələndə Amerikada adi seçicinin ona olan ümidləri böyük idi. Hələ heç kim seçkiyə bu qədər yüksək ideallarla qatılmamışdı, seçiciyə bu qədər ümid verməmişdi. Amma 67 faiz səslə seçilən Obamanı birinci müddətinin sonunda əhalinin cəmi 47 faizi dəstəkləyirdi.

“Bu gün Amerikada rüşvət – təkcə zərfdə verilən pul deyil. Bu gün Amerikada rüşvət – təfəkkür tərzidir. Bu gün Amerikanın dövlət idarəçiliyində puldan başqa hər şey gülməlidir”,- bu sözlər amerikalı yazıçı Mişel Malkinə aiddir.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti