“Yusifi bu dünyadan yox edən Ağakişi Kazımov oldu” –MÜSAHİBƏ

“Yusifi bu dünyadan yox edən Ağakişi Kazımov oldu” –MÜSAHİBƏ
  21 Avqust 2014    Oxunub:38665
Zemfira xanım milli kinomuza bir çox uğurlu obrazlar bəxş edib. Ancaq onu hər kəs daha çox “Dəli Kür”ün Mələyi və nəhəng aktyor, Teymurləng, Qurd Cəbrayıl kimi rolların ifaçısı, mərhum Xalq artisti Yusif Vəliyevin həyat yoldaşı kimi tanıyır.

Onunla görüşəndə illər keçməsinə baxmayaraq, gözəlliyini, təravətini itrmədiyinin, əvvəlki məğrurluğunun bir daha şahidi oldum.

AzVision.az əməkdar artist Zemfira Sadıqova ilə müsahibəni təqdim edir.

75 yaşlı aktrisamızın evdə ingilis dilindən də istifadə etməsi marağımı çəkdi.

- Siz ingilis dilində də bilirsiniz?

- Məcburam ki, biləm. Çünki evdə işləyən köməkçi ilə ünsiyyətdə oluram, hər şeyi deyib başa salmalıyam. Demirəm əla bilirəm, amma hər halda, çulumu sudan çıxardıram. Şükür Allaha, mənim yaddaşım yaxşıdır. Telefon nömrələrini belə, yadımda saxlayıram.

- Həm yaşınıza görə cavan qalmısınız, həm də çox baxımlı xanımsınız. Bu cür qalmaq genetik kodla bağlıdır, yoxsa baxımlısınız deyə, gözəlliyinizi itirməmisiniz?



- Yox, qızım, mən çox şeyi itirmişəm. Cavanlığımı itirmişəm, onunla birlikdə gözəllik də gedir. Əvvəla, mən özümə heç vaxt gözəl deməmişəm, mənə gözəl deyəndə də utanıram. Gözəl deyiləm, amma ola bilsin ki, məndə fransızlar deyir e, “şarm”, nəsə belə bir şey var.

Anam da yaşından çox cavan görünürdü, bacımın indi 81 yaşı var, amma verməzsən. Özümün də yaşım 75-dir, amma bu yaşı mənə verən yoxdur.

- Namaz qılırsınız, deyəsən? Çəkilişlərə də başıaçıq getmirsiniz...

- 17 ildir ki, namaz qılıram. Amma başımı bağlamırdım. Başımı balamağımın səbəbi başqadır. Qızımın 5 yaşlı övladı var idi. İkinci uşağı istəmirdi. Mən də bilirdim ki, tək uşaq olmaq çox pisdir. Allaha yalvardım ki, qızıma bir dənə də övlad ver, başımı bağlayaram. Mənim üçün birinci növbədə ailəmdir. Sənətimi evə qurban verə bilərəm, amma ailəmi sənətə yox.

- Filmlərə dəvətlər var hazırda?

- Əlbəttə, dəvətlər olur. 3 filmimin oktyabr ayında premyeraları olacaq. Ekrana çıxmayan daha bir film “Mənim sevimli şəhərim Bakı”dır. Amma seriallardan imtina edirəm. Çünki çox səviyyəsiz filmlərdir. Aktyor oyununa fikir verilmir, rejissor çox zəifdir. Bir də reklamlara getmirəm. Mənə elə gəlir ki, artıq sözünü demiş aktyorun, aktrisanın pul xətrinə elə şeylərdə oynaması çəkisini aşağı salır. Elə aktrisalar tanıyıram ki, 80 manata çəkilir. Aktyora qarşı bu qədər insafsız münasibət olarmı? Hər şeyə pul var, amma kinoya yoxdur. Əgər türklər çəkdikləri səviyyədə filmlər çəkilsəydi, pulu da onlarınkı kimi olsa idi, çox aktyorlar çəkilmək istəyərdilər.

- Niyə həmişə ana obrazında çəkilmək istədiyinizi deyirsiniz?

- Yəqin ki, bu, mənim xarakterimdən irəli gəlir. Çünki Azərbaycan filmlərində ana obrazı nədənsə çox yazıq, miskin, zavallı formada göstərilir. Axı bizim azərbaycanlı qadınlar o qədər də zəif deyillər. Onların bacarıqları kişilərlə bərabərdir. O qədər işgüzar qadınlar var ki... Bu adam alimdir, anadır, həkimdir, ailə başçısıdır, qayğıya qalandır, problemləri həll edəndir...

- Belə başa düşdüm ki, siz həmin rolda bir növ özünüzü oynamaq istəyirsiniz...

- Bəli, mənim xarakterik obrazlardan xoşum gəlir. Amma məni heç vaxt mənfi obrazlara çəkməyiblər. Mənfi obrazları oynamaq daha çətin və maraqlıdır.



- İki övladınız var: Bahar və Pərviz. Onları güclü insan kimi yetişdirə bildinizmi?

- Oğlumu da, qızımı da o cür yetişdirmişəm. Yoldaşım rəhmətə gedəndə mənim 38 yaşım var idi. Buna baxmayaraq, onları qayğıların içində boğmadım. İşlədim, qazandım uşaqlarımı saxladım. İstədiyim kimi övlad yetişdirdim. Fəxr edirəm, mənim bir sözümü iki etməyiblər. Hamısının övladı var - 4 nəvəm, 2 nəticəm var. Pərvizin 53 yaşı var. O, Neft Akademiyasını bitirdi, mühəndisdir, indi Rusiyada işləyir, qızım da Xarici Dillər Universitetini bitirib.

- Bəs nə əcəb Zemfira xanımın və Yusif Vəliyevin ailəsində böyüyən uşaqlar aktyor olmaq istəmədilər?

- Onlar incəsənətə çox meyilli idilər. Mən nə oğlumu, nə də qızımı qoymadım. Mən bu sənətə gələndə atam məni başa salırdı. Amma onu anlaya bilmirdim, deyirdim, əgər sənin istedadın varsa, mütləq görüb seçəcəklər. Demirəm çox çəkilmişəm, 75 yaşım var, 36 filmə çəkilmişəm. Bu, çox azdır, amma hər halda, bu sənətdə sözümü demişəm. Obrazlarım xarakter etibarilə bir-birindən fərqlənir.

Atam məndən utanıb deyə, bütün açıqlığı ilə deyə bilməyib ki, səhnənin arxası nə deməkdir. Aramızda çox pərdə var idi. Ailəmiz çox ziyalı idi. Atam - Emin Sadiq jurnalist, publisist, tərcüməçi olub, böyük vəzifələrdə işləyib. Yəni demək istəyirəm ki, o, məni başa sala bilmədi, utandı bəlkə də. Anam isə müəllimə olsa da, işləməmişdi, evdar xanım idi.

- Bəs necə oldu ki, bütün bunlara rəğmən, incəsənətə gəldiniz?

- BDU-nun iqtisadiyyat fakültəsinə girdim ki, təki məndən əl çəksinlər. Hər dəfə də Teatr İnstitutunun qarşısından keçəndə ağlayırdım. Buna görə də yarım il sonra Teatr İnstitutunun rəhmətlik direktoru Rahib Hüseynovun yanına gəldim, məni görən kimi çox sevinib dedi ki, bizim səhnə sənin kimi aktrisa üçün ağlayır. Adil İsgəndərov, Müxlis Cənizadə, Rza Təhmasib, Məlik Dadaşov məni sınaqdan keçirdilər. Çoxlu monoloqlar, şeirlər dedim, dedilər mütləq sənədlərini götür gəl. Mən də evdən xəbərsiz peşəmi dəyişdim. Əvvəl bir epizoda çəkildim, ondan sonra bir balaca böyüyə çəkildim, beləcə yolum açıldı.

Evdəkilərə əvvəlcə dedim ki, rejissorluğa daxil olmuşam. Onda evliydim, bir uşağım da var idi. Məktəbi qurtaran kimi ailə qurmuşdum. Amma institutu qurtarandan sonra istədiyimə nail oldum. Çünki mən məqsəd qoyuramsa, ona nail oluram.

7 il radioda diktor işləmişəm. Orada işləyə-işləyə filmlərə də çəkilmişəm. Sonrada birbaşa kinostudiyaya keçib, 1965-ci ildən indiyə qədər aktyor ştatında işləmişəm. 90-cı illərdə fasilə oldu, 2000-ci ildən sonra başlamışam yenidən çəkilməyə.

- 75-dən geriyə boylanıb baxanda necə fikirləşirsiniz, iqtisadiyyatı incəsənətə dəyişməyə dəydi?

- Əlbəttə dəyər, yenə də o fikrimdə qalıram. Amma cavanların çoxu istəyirlər ekrana düşsünlər, səhnədə oynasınlar. Bu sənətə gələndə sənəti sevmək lazımdır, özünü yox. Mən sevirdim sənətimi.

- Bəs Yusif müəllimlə nə zaman ailə qurdunuz?

- Artıq birinci həyat yoldaşım rəhmətə getmişdi, oğlumun 3 yaşı var idi, 23 yaşımda idim Yusifə ərə gedəndə. Onu teatrda görən kimi vurulmuşdum. Onlar qastrolda idilər, Kürdəmirdə. Mən də institutu bitirib ora getmişdim. Orada tanış olduq. Onun oynadığı “Gəray bəy”i görəndən sonra vuruldum. 1967-ci ildə evliliyimizi sənədləşdirdik. 15 il evli olduq.

“Dəli Kür” filminə çəkiləndə artıq evli idik. Onda qızım Bahar yox idi, ümumiyyətlə, ikinci uşaq istəmirdim. Amma Yusif xalamgilə, bibimgilə getdi, ağız açdı ki, məni dilə tutsunlar. Həmişə deyirəm Allah sənə rəhmət etsin, ay Yusif, nə yaxşı Bahar dünyaya gəldi. Mənim üçün Bahar hər şeydir, dayaqdır.

- Yusif müəllimlə aranızda 22 il yaş fərqi var idi. Bu da az deyil. Maraqlıdır, onun ən çox hansı cəhətləri sizi özünə cəlb etdi ki, o yaşda aşiq oldunuz?..



- Yaş fərqimiz çox idi, amma izah edə bilsəm ki, mən onu nəyə görə sevmişəm, bu, artıq sevgi deyil. Bu hisslərin məqsədi olmur, məndə də yox idi, bilmirəm. Deyim ki, pulu çox idi - yox, evi var idi - yox, sadə əməkdar artist idi də. Gənc Tamaşaçılar Teatrının aktyoru idi, dublyaja gedirdi... Onun haqqında öləndən sonra daha çox danışmağa, yazmağa, maraqlanma başladılar. 62 yaşında - ölümündən bir il öncə ona Xalq artisti adı verdilər.

Məni bir qadın kimi cəlb edən yəqin ki, onun kişi xasiyyəti, mərdliyi idi. Düzdür, yaşlı idi. Amma siqaret çəkəndə də kişi kimi çəkirdi. Mən evləndikdən sonra bazar, dükan bilməzdim. Hamısını özü edirdi. Evdən çıxanda deyərdi ki, kişinin gərək cibində torbası olsun. Hamısını işə gedəndə yazardı, evə gələndə alıb gətirərdi. Ona görə yox ki, məni qısqanırdı. Fikirləşirdi ki, onun qadını göyərti satanların qabağına getməli deyil. Elə şeyləri götürməzdi.

O, rəhmətə gedəndə mən dükana gedib çörəyin qiymətini soruşanda qəribə baxırdılar ki, sən indiyə kimi çörəyin qiymətini bilmirsən?

Ağa ağ, qaraya qara deyərdi. Bu adamda iki üzlülük yox idi.

- Qızınızın neçə yaşı var idi Yusif müəllim rəhmətə gedəndə? Xatirəsində qalıbmı?

- Yusif rəhmətə gedəndə Baharın 8 yaşı var idi. İnanmıram ki, xatirəsində çox şey qalsın.

- Adətən onu sərt obrazlarda görmüşük. Bəs evdə ailə başçısı, ata kimi necə insan idi?



- Çox mehriban idi. Övladlarını çox istəyirdi. Bir ər və ata kimi qayğıkeş idi. Tək Bahara qarşı yox, birinci evliliyindən olan qızlarına qarşı da belə idi. Siz bilirsiniz ki, Yusifin mənimlə 3-cü evliliyi idi. İlk dəfə Şəki teatrında çalışarkən tanış olduğu geyim ustası işləyən Rəbiyyə xanımla evlənib. O zaman Yusifin 20 yaşı heç olmazdı. Rəbiyyə xanım ondan 12 yaş böyük olub. Ancaq onların rəsmi nikahı olmayıb. Birinci evlilyindən Naira və Natəvan adlı qızları var idi. Yusif həm maddi, həm də mənəvi cəhətdən onların qayğısına qalırdı.

Ancaq sonradan Rəbiyyə xanımın beyninə qan sızıb və Yusif ikinci dəfə evlənmək məcburiyyətində qalıb. Gənc Tamaşaçılar Teatrının aktrisası Sona Pirverdiyeva ilə ailə qurub. Bu evlilik uzun olmamışdı. Cəmi bir il çəkmişdi. Qızlarından biri rəhmətə gedib, biri sağdır. Bizim münasibətimiz yoxdur onlarla, olmayıb da. Nə qədər ki, Yusif sağ idi əlaqə var idi, amma Yusifin qırxından sonra münasibətimiz olmayıb.

- Hüseyn Seyidzadənin "Dəli Kür" filmində sizin oynadığınız yerlərin çoxunu acıq və hikkəsindən kəsdiyini demisiniz. Rejissor sizinlə nəyin düşmənçiliyini edirdi?



- Mənim iri planlarım yox idi. Hamısı orta və uzaq plan idi. İri planda ancaq paltarımın cırıldığı səhnə vardı.
Hüseyin Seyidzadə istəyirdi məni çəkməsin. Çox çalışdı, amma bacarmadı.
Mən indi deyə bilmirəm axı niyə çəkmək istəmirdi. Mən onu açıq-aydın necə deyim? Ölüb gedib, vaxt keçib, film də ekrana çıxıb...

- Bu cür haqsızlıqlar təkcə sizə qarşı deyil, Yusif müəllimə qarşı da olurdu axı...



- Çünki ikimiz də düz adamlardıq. Gülbəniz Əzimzadə mənə deyirdi ki, ay Zemfira, belini bir az “əy” də. Deyirdim Gülbəniz, niyə? Kimin yanında mənim əskik işim var ki, belimi əyim? Çəkirlər - çəksinlər, çəkmirlər - çəkməsinlər. Mən buyam. Ona görə bizim kimi adamları sevmirlər. Mən heç vaxt bir çoxlarının getdiyi yol ilə getməmişəm. Ona görə də mənim bu yaşımda 36 filmim var. Qoymazdılar axı çəkilim.

Bir neçə filmdə yoluma çəpər çəkən yazıçı Cəmil Əlibəyov oldu. Hər dəfə deyirdi ki, onun potensialı yoxdur. O zaman Yusif müəllim yaşamırdı. O olsa idi, bəlkə də mən bir çox filmlərə çəkilərdim.

- Adil İsgəndərov həmişə istəyib ki, onun oynadığı rolları Yusif müəllim səsləndirsin. Hətta Teymurləng obrazına da Yusif müəllimi o təkid edib. Amma onun “Azdrama”ya gəlişinə narazılq edib. Onların şəxsi münasibətlərdəki soyuqluğun kökündə nə dururdu?



- Yox, şəxsi münasibətləri də, sənət münasibətləri də yaxşı olub. Sadəcə, Yusif ağa-ağ deyən adam idi. Bizdə də axı sözü aparıb başqa cür çatdırırlar...

Bir də kinostudiyada bir balaca insident olmuşdu. Mənə qarşı bir nəfər özünü lazımı səviyyədə aparmamışdı, Yusif onu döymüşdü. Bunu Adil müəllim də eşitmişdi. Biləndən sonra iş nə yerdədir, o adamı oradan çıxardı. Adil müəllimə bizim haqqımızda yalandan çox sözlər çatdırmışdılar. Məni çağırdı. Mən də pasportumu götürüb getdim yanına. Dedim kim nə deyir bilmirəm, amma baxın, biz evlənmişik. Heç kəs başa düşə bilmirdi ki, belə cavan, gözəl xanım 47 yaşlı kişiyə ərə gedir. Başa düşmürdülər, deyirdilər bunun nəyinə gedib. Bir dənə evi var idi, 3 otaqlı. Vəssalam. Mən də anamın evində yaşayırdım. Sonra birinci arvadı rəhmətə gedəndən sonra evi dəyişdirib birotaqlı ev aldıq, qızları da artıq evlənmişdilər. Sonradan Yusifə 9-cu mikrorayonda, 9-cu mərtəbədən ev verdilər. Heç fikirləşmədilər ki, ürəyi xəstə olan adama bu mərtəbəni vermək olar ya yox.

Mən inanmıram ki, Adil İsgəndərov onun “Azdrama”ya gəlişinə etiraz etsin. Yusifi ora Tofiq Kazımov dəvət etmişdi. Sadəcə, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Zəfər Nemət demişdi ki, “Yusif, əgər sən getsən, gərək teatr bağlansın”. Ona görə qoymadılar, çünki Yusif çox pis vəziyyətə düşərdi.

- Prezident təqaüdü alırsınız?



- Yox, adi evdar xanımlar kimi 175 manat alıram. Bir də 60 manat əlavə verirlər, əməkdar artist olduğuma görə. Nəyə görə sözünü demiş bir aktrisa kimi mənə qızım baxmalıdır, ondan asılı olmalıyam? Mən nazirə prezident təqaüdü üçün müraciət etdim. Əbülfəs Qarayev dedi ki, “mənim səlahiyyətimdə deyil”. Mən də bu münasibətdən sonra incidim və heç kimin daha qapısına gedib ağız açmıram. Bəs kimin səlahiyyətindədir? Axı sən məni təqdim etməlisən də, prezidentə Mən inanıram ki, lazımı səviyyədə təqdim etsəydilər, prezident təqaüdü alardım. Mən həkimlərə gedirəm. Dərmanlar içirəm. Ölmək istəmirəm. Yaşamaq və çəkilmək istəyirəm. Bu, mənim haqqımdır.

Keçən il Mingəçevirdə idim, Kürün qırağında gəzirdim. İdman paltarında, başım da bağlı idi. Nazir Əbülfəs Qarayevlə orada təsadüfən qarşılaşdım. Baxdı mənə, mən də ona baxdım, salam belə vermədi. Düzdür, o, nazirdir, bəlkə mən ona salam verməli idim, amma mən qadınam və onun anası yerindəyəm. Özü də məni tanıyır, yanında da olmuşam. Söhbət də etmişəm.

70 illiyimdə dəvət etdim. Hamıya da dəvətnamələr göndərdim - Ramiz Fətəliyevə, Oktay Mirqasımova, nazirə, köməkçilərinə... Heç kim gəlmədi. Yeganə gələn insan Cəmil Quliyev oldu.



Bu cür laqeydlik o vaxt Yusifə qarşı da olmuşdu. Yusif o zamankı mədəniyyət nazirinin yanına getmişdi. Çünki ona verilən ev 9-cu mərtəbədə idi. İstəyirdik ki, bir az aşağı mərtəbədən versinlər. Nazir Yusif kimi nəhəng aktyoru tanımamışdı.

Yusifi bu dünyadan yox edən Gənc Tamaşaçılar Teatrının baş rejissoru Ağakişi Kazımov idi. Həm də bizimlə qonşu idi, onlar səkkizinci mərtəbədə yaşayırdılar, biz 9-da. Yusif rəhmətə gedəndən sonra o və arvadı mənim başıma nə oyunlar gətirdilər. Axırda mənim qonşularım onları polisə verdilər. O, Yusifi teatrda repertuardan çıxarmışdı. Yoldaşım ölənə qədər bu münasibəti gördü. 10 il bu cür nəhəng aktyor rolsuz qaldı. Mən hətta demişdim ki, Ağakişi Yusifin qəbrinin üstünə gəlməsin. Amma üzlülüyünə salıb gəldi. Yusiflə vida mərasimi işlədiyi teatrda deyil, evimizdə oldu. Çünki ona layiq olduğu qiyməti vermədilər. Elə mənimlə də bu baş verir. Bu yaşda, sözünü demiş aktrisaya “Əməkdar artist” adını vermək ayıbdır.

- Son günlərini necə xatırlayırsınız?

- Son günlərini xəstəxanada yatdı. Çünki ürəyi artıq bu cür haqsızlıqlara, işsiz qalmağa tab gətirmirdi. Düz iki ay ölənə kimi orada qaldı. Ölümünə bir neçə gün qalmış onu yuxumda gördüm. Mənə yuxuda dedi ki, “bayramlıq üçün gəlmişəm, 20-də gedəcəm”. Əynində qara kostyum var idi. Əlindəki salafanın içində isə “aspirin” dərmanı. Mən martın 17-də qızımla onun yanına getdim. Novruz şirniyyatlarından apardıq. Yuxumu ona danışdım. Heç nə demədi. Məni qucaqlayıb, hönkürtü ilə ağladı...

Səhərisi gün yenə xəstəxanaya getdim. Ancaq gec idi. Yusif artıq həyatda yox idi. Onun trombu var idi. Görünür, çoxlu aspirin veriblər, trombu yerindən qopub, ürəyinə tıxanıb, ürək dayanıb. Çörəyini yeyib, çayın içib, elə yerindəcə keçinib. Biz onu martın 20-də “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırdıq.


Şahanə RƏHİMLİ
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti