Böyrəklərdə hidronefrozun müalicəsi sığorta ilə qarşılanır
Hidronefroz müalicə olunmasa, böyrək toxuması zədələnə bilər və nəticədə xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Erkən diaqnoz və vaxtında müalicə çox önəmlidir.
Hidronefroz diaqnozu USM (ultrasəs müayinəsi), KT (kompüter tomoqrafiyası) və ya MRT uroqrafiya, İVP (intravenoz pieloqrafiya), sidik analizi və qan testləri əsasında qoyulur. USM böyrəkdə maye yığılmasını, böyrəyin piylənməsi və ya genişlənməsi göstərir, KT və ya MRT sidik yolunda maneənin səbəbini aşkar edir, İVP (intravenoz pieloqrafiya) kontrast maddə ilə böyrəklərin işləmə vəziyyətini qiymətləndirir, sidik analizi və qan testləri isə böyrəyin funksional vəziyyətini göstərir.
Müayinə və müalicə uroloq və nefroloq tərəfindən aparılır. Müalicə üsulu hidronefrozu yaradan səbəbdən asılı olaraq dəyişir. Əgər daş səbəbindən yaranıbsa, daşın çıxarılması üçün cərrahi əməliyyat üsulu seçilir. Sidiyin müvəqqəti çıxarılması üçün böyrəkdə drenaj borusunun (stent) qoyulması da müalicə metodlarından biridir.
Sadalanan bütün müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində icra olunur.
Məlumat üçün bildirək ki, hidronefrozun əlamətləri yan və ya bel nahiyəsində ağrı (xüsusilə birtərəfli), sidik ifrazında çətinlik, sidikdə qan (hematuriya), tez-tez sidiyə getmə və ya sidik qaçırma, ürəkbulanma, qusma, uşaqlarda qarın boşluğunda şişlik hiss olunması, irəliləmiş mərhələdə isə yüksək təzyiq, böyrək funksiyasının zəifləməsidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


