Yaşar Gülər: “Türkiyə hərbçiləri Suriyadan hələ çıxmayacaq”

      Yaşar Gülər:    “Türkiyə hərbçiləri Suriyadan hələ çıxmayacaq”
  09 Fevral 2026    Oxunub:1273
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunan razılaşmaya baxmayaraq, Türkiyə hərbi birləşmələrinin Suriyadan çıxarılmasının vaxtı hələ çatmayıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər belə deyib. Nazir Ankaranın Dəməşqlə hərbi-siyasi əlaqələrinin inkişaf etdiyini və Türkiyə qoşunlarının Suriyadan çıxarılması məsələsinin gündəmdə belə olmadığını diqqətə çatdırıb.

“Bu, həmçinin İraqdakı türk əsgərlərinə də aiddir. Hərbçilərin Suriya və İraqdan çıxarılması qərarını başqası deyil, Türkiyə dövləti verəcək. Bizim belə bir qərarımız yoxdur. SDQ-nin Suriya ordusuna inteqrasiyası ilə PKK terroruna son qoymaq barədə düşünmək hələ tezdir, lakin Türkiyə ordusu bütün mümkün alternativlərə hazırdır”, - Yaşar Gülər vurğulayıb.

Türkiyənin Müdafiə Nazir həmçinin qeyd edib ki, Ankara ABŞ-nin İrana qarşı mümkün əməliyyatları və qaçqın dalğası ilə əlaqədar sərhəd təhlükəsizliyini gücləndirir.

Türkiyənin Rumıniyaya hərbi gəmi satdığını açıqlayan Yaşar Gülər Ankaranın Avropa təhlükəsizliyində oynadığı mühüm rola da diqqət çəkib. O xatırladıb ki, fevralın 8-dən 20-dək Baltik dənizində keçiriləcək NATO-nun “Steadfast Dart” təlimində Türkiyə quru və dəniz qüvvələrinin 2000 nəfərlik hərbi hissəsi iştirak edəcək.

Qeyd edək ki, NATO təlimlərində türk hərbçiləri üçün ən önəmli günlər fevralın 18-i və 19-u olacaq. Bu tarixdə “Baykar” şirkətinin yeni istifadəyə verdiyi “Bayraktar TB-3” hücum PUA-sı hazırda Atlantik okeanından Baltik dənizinə doğru hərəkət edən “TCG Anadolu” desant gəmisindən NATO bazasına enəcək, sonra yenidən havaya qalxaraq yenidən “TCG Anadolu” gəmisinə qayıdacaq.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türkiyə   Suriya   hərbçilər  



Xəbər lenti