Bloomberg: “ABŞ İraqa yenə xəbərdarlıq edib”

      Bloomberg:    “ABŞ İraqa yenə xəbərdarlıq edib”
  04 Fevral 2026    Oxunub:1345
ABŞ administrasiyası həddən artıq iranpərəst sayılan Nuri əl-Malikinin ölkənin baş naziri təyin ediləcəyi təqdirdə, Bağdadın neft ixracından əldə olunan gəlirlərə çıxışını məhdudlaşdırmağı düşünür.
AzVision.az xəbər verir ki, bəzi mənbələrə istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb.

“Ötən həftə Türkiyədə İraq Mərkəzi Bankının rəhbəri Əli əl-Əlaq ilə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri arasında keçirilən görüşdə Vaşinqtonun yeni xəbərdarlığı səsləndirilib”, - agentlik yazır.

Ağ Evin təmsilçisi danışıqlar faktını təsdiqləsə də, onları adi və texniki xarakterli adlandıraraq, Əl-Maliki ilə əlaqəsi olmadığını vurğulayıb.

Əl-Alaq özü də agentliklə söhbətində ABŞ-nin təzyiq iddialarını rədd edərək, söhbətin “yalnız texniki məsələlərə” aid olduğunu və “fərqli məzmunlu mövzulara toxunulmadığını” bildirib.

“Əl-Maliki hələ də namizəddir. Heç nə dəyişməyib”, - siyasətçinin nümayəndəsi Hişam əl-Rikabi, öz növbəsində, diqqətə çatdırıb.

Sabah İraqda prezident seçkiləri keçiriləcək
Mənbələrin iddiasına görə, 2006-2014-cü illərdə İraqın baş naziri olmuşNuri əl-Maliki öz namizədliyini geri götürmək niyyətində olmadığından Vaşinqtonun narazılığı artır.

Xatırladaq ki, İraqda parlament seçkiləri ötən ilin noyabr ayında keçirilib. İraq konstitusiyasına görə, ölkə prezidenti kürd, baş nazir şiə müsəlman, parlamentin sədri isə sünni müsəlman olmalıdır.

Yanvarın 24-də İraqın əksər şiə blok və partiyalarının nümayəndələrini özündə birləşdirən Koordinasiya Şurası Nuri əl-Malikinin ölkənin yeni hökumətinin başçısı vəzifəsinə namizəd kimi irəli sürüldüyünü rəsmən açıqlayıb.

“Bloomberg” agentliyi İraqın siyasi qüvvələrinin hakim koalisiya yaratmasının nə qədər vaxt aparacağının hələ də qaranlıq qaldığını yazır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İraq   ABŞ   xəbərdarlıq  



Xəbər lenti