ABŞ Senatı Rusiyanın “kölgə donanması” nı təqib edir

ABŞ Senatı Rusiyanın    “kölgə donanması”   nı təqib edir
  30 Yanvar 2026    Oxunub:1769
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın kölgə donanmasına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbulunu tövsiyə edib.
AzVision.az xəbər verir ki, bu barədə sözügedən komitənin sədri, Aydaho ştatından respublikaçı Cim Riş və komitənin yüksək vəzifəli üzvü, Nyu-Hempşir ştatından demokrat Cin Şahin birgə bəyanatda bildiriblər.

“Qanun layihəsi təsdiqlənib və baxılmaq üçün Nümayəndələr Palatasının tam tərkibli iclasına təqdim olunacaq. Qanunvericilər bu sənədi Tramp administrasiyasının Ukrayna böhranını həll etmək səyləri ilə əlaqələndirirlər”, – xəbərdə deyilir.

Xatırladaq ki, “Rusiya Federasiyasının kölgə donanmasına qarşı sanksiyaların tətbiqi haqqında” qanun layihəsi 2025-ci ilin sentyabrında komitə sədri tərəfindən təklif edilib. Qanun layihəsi Cin Şahin və həm Respublikaçı, həm də Demokrat partiyalarından olan bir neçə digər amerikalı qanunverici tərəfindən birgə işlənib.

Sənədə əsasən, Rusiyanın “kölgə donanması”na daxil olan tankerlərə qarşı sanksiyalar təklif olunur. Bundan başqa, qanun layihəsində bu tankerlərdən istifadə etməklə dəniz daşımalarını asanlaşdıran xarici şirkətlərə, eləcə də bu gəmilərin neftini boşaldan liman terminallarına qarşı məhdudiyyətlər nəzərdə tutulur.

Eyni zamanda, “Yamal LNG” və “Arctic LNG 2” layihələrinə qarşı məhdudlaşdırıcı tədbirlər, həmçinin “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə qarşı sanksiyaların genişləndirilməsi təklif olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Senat   Rusiya   sanksiyalar  



Xəbər lenti