Serbiyada 20 Yanvar şəhidləri anılıb

Serbiyada 20 Yanvar şəhidləri anılıb
  20 Yanvar 2026    Oxunub:1247
Serbiyanın paytaxtı Belqrad şəhərində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Azərbaycanın Serbiyadakı səfirliyindən AzVision.az -a bildirilib ki, tədbirdə çıxış edən səfir Kamil Xasiyev 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda, sonrakı günlərdə isə Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi amansız hərbi təcavüz nəticəsində 150 mülki şəxs qətlə yetirilib, 744 nəfər ağır yaralanıb və 4 nəfər isə itkin düşüb.

K.Xasiyev hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransı zamanı bu vəhşiliyə qarşı kəskin etirazını bildirdiyini, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan etdiyini xatırladıb.

Səfir bildirib ki, müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edilib.

Vurğulanıb ki, 20 Yanvar günü Azərbaycan xalqının nümayiş etdirdiyi vətənpərvərlik, birlik və müqavimət ruhu 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri zamanı öz tarixi missiyasını yerinə yetirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Hüzn əlaməti olaraq səfirliyin ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı yarıya qədər endirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti