Davos İqtisadi Forumu İransız keçəcək

Davos İqtisadi Forumu İransız keçəcək
  19 Yanvar 2026    Oxunub:1330
İranın Xarici İşlər naziri Abbas Əraqçi bu il Davosda keçiriləcək Dünya İqtisadi Forumunun (DİF) illik toplantısında iştirak etməyəcək.
AzVision.az xəbər verir ki, DİF-in mətbuat xidmətinə istinad edən “Iran International” telekanalı belə məlumat yayıb.

“Dəvət ötən ilin payızında uzadılsa da, son həftələrdə İranda mülki əhalinin faciəli şəkildə həlak olması İran hökumətinin bu il Davosda təmsil edilməsinin yersiz olacağı anlamına gəlir”, - Forumun “X” social şəbəkəsində yerləşdirilmiş bəyanatında deyilir.

Qərar insan haqları qrupları və siyasi xadimlərin artan təzyiqləri fonunda qəbul edilib. Onlar daxildə təzyiqləri davam etdirən Tehrana beynəlxalq platformada yer verilməməsində israrlıdırlar.

Tramp Davosda “kiçik Amerika” yaradır
Xüsusilə, ABŞ-də yerləşən Nüvə İranına Qarşı Birləşmiş təşkilat (UANI-United Against Nuclear Iran) forum rəhbərliyini daha əvvəl forumda məruzəçi kimi elan olunmuş İranın Xarici İşlər naziri Abbas Əraqçıya göndərilmiş dəvətin ləğv edilməsinə çağırıb.

ABŞ senatoru Lindsi Qrem də sözügedən dəvəti tənqid edib. “X” social şəbəkisndəki paylaşımında o, iranlı nazirin mümkün iştirakını İrandakı etirazçılara “son dərəcə mənfi siqnal” adlandıraraq, forumun bu dəvətinin əsaslı olmasını səbəbini şübhə altına alıb.

Xatırladaq ki, yanvarın 19-dan 23-dək Davosda DİF-in 56-cı sessiyası keçiriləcək. Tədbir zamanı qlobal siyasi və biznes elitasının nümayəndələri aktual iqtisadi və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədirlər.

Tədbirdə iştirak etmək üçün dəvət alan Azərbaycan Prezidenti İlham Əliyev artıq İsveçrədədir.

DİF-in bu sessiyasında ən böyük nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın başçılıq etdiyi nümayəndə heyəti olacaq. Bu məqama diqqət çəkən İsveçrənin tele-radio portalı (SFR) 2026-cı ildə DİF-in ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı ilə “kiçik Amerikaya” çevrilə biləcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   DİF   kənarlaşdırma  



Xəbər lenti