Bolton: “Qrenlandiyanı almaq ideyasını Trampa Lauder aşılayıb”

      Bolton:    “Qrenlandiyanı almaq ideyasını Trampa Lauder aşılayıb”
  16 Yanvar 2026    Oxunub:1362
Qrenlandiyanın ABŞ-nin potensial əldə etməsi ideyası prezident Donald Trampın beynində “Estee Lauder” kosmetika imperiyasının varisi, sahibkar Ronald Lauderin təklifindən sonra yaranıb.
AzVision.az xəbər verir ki, Donald Trampın ilk prezidentliyi dövründə onun Milli Təhlükəsizlik üzrə müşaviri olmuş Con Bolton “The Guardian” nəşrinə müsahibəsində belə deyib.

Sabiq müşavirin sözlərinə görə, ilk prezidentlik müddətinin əvvəlində Ağ Ev rəhbəri tanınmış iş adamının Qrenlandiyanı almağı nəzərdən keçirmək təşəbbüsünü irəli sürdüyünü söyləyib. Bolton, söhbətin Amerika liderinin çoxdan tanıdığı Lauderdən getdiyini dəqiqləşdirib.

“Bunun ardınca ABŞ administrasiyası Amerikanın Arktikada, o cümlədən Danimarka ərazilərində iştirakını genişləndirmək variantlarını müzakirə etməyə başladı. 2019-cu ildə Vaşinqtonun Qrenlandiyaya marağı ictimailəşdi və Danimarka hakimiyyətinin sərt reaksiyasına səbəb oldu”, - Con Bolton vurğulayıb.

Qəzetin iddiasına görə, sahibkar Ronald Lauderin marağı onun adadakı biznes layihələri ilə üst-üstə düşür: amerikalı investorlar, o cümlədən Lauder özü də içməli suyun ixracı və hidroenergetikanın inkişafı layihələrinə sərmayə qoyublar.

Təxminən 57 min əhalisi olan Qrenlandiya 1979-cu ilə qədər Danimarkanın müstəmləkəsi idi. 2009-cu ildə isə ada krallığın tərkibində özünüidarəetmə və muxtar status qazanıb. ABŞ-nin Qrenalnadiyadakı “Pituffik” aviabazasında 100-dən çox hərbçi yerləşdirilib.

Paris Vaşinqtona xəbərdarlıq edib
Bu il yanvarın əvvəlində Venesueladakı hərbi əməliyyatlar fonunda Donald Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsinin vacibliyini bir daha bəyan edib. O, adanın nəinki ABŞ-nin, hətta qlobal təhlükəsizliyin təminatı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Yanvarın 14-də Danimarka və Qrenlandiyanın Xarici İşlər nazirləri Lars Lökke Rasmussen və Vivian Motsfeldt ada ətrafındakı vəziyyəti müzakirə etmək üçün Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüblər. Görüşdən sonra müsahibə verən xanım Vivian Mosfeldt göz yaşlarını saxlaya bilməyib.

“The New York Times (NYT)” qəzetinin yazdığına görə, bu danışıqlardan sonra Danimarka ABŞ ilə fikir ayrılıqlarının qaldığını açıqlayıb.

Xatırladaq ki, yanvarın 12-də respublikaçı konqresmen Rend Fayn Qrenlandiyanın ilhaqı və ona ştat statusu verilməsi haqqında Konqresə qanun layihəsi təqdim edib.

Fransa, öz növbəsində, Qrenlandiyanın ABŞ tərəfindən ilhaqının qırmızı xəttin keçilməsi kimi qiymətləndiriləcəyi barədə Vaşinqtona xəbərdarlıq ünvanlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bolton   Tramp   Qrenlandiya  



Xəbər lenti