Tramp Qrenlandiyanı hədələyib

   Tramp Qrenlandiyanı hədələyib
  14 Yanvar 2026    Oxunub:1338
Amerika lideri Donald Tramp Qrenlandiya əhalisinin ABŞ-nin tərkibinə daxil olmaq istəməməsini “onların problemi” sayır.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Vaşinqton yaxınlığındakı “Endryus” hərbi bazasında jurnalistlərə açıqlamasında belə deyib.

Bundan əvvəl Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen adanın ABŞ-nin bir hissəsi olmaq istəmədiyini və Danimarkanı seçdiyini bildirmişdi.

“Hazırda biz geosiyasi böhranla üz-üzəyik və əgər indi ABŞ və Danimarka arasında seçim etməliyiksə, biz Danimarkanı seçəcəyik”, - Nilsen Kopenhagendə keçirilən mətbuat konfransında deyib.

Qrenlandiyanın ilhaqı üzrə qanun layihəsi artıq hazırdır
Jurnalistlər ABŞ prezidentindən bu sözlərə münasibət bildirməyi xahiş etdikdə Donald Tramp “Bu, onların problemidir. Mən onunla razı deyiləm. Onun kim olduğunu bilmirəm. Onun haqqında heç nə bilmirəm, lakin bu, onun üçün böyük problem olacaq” cavabını verib.

Danimarkanın baş naziri Mette Frederiksen isə ölkəsinin NATO üzvü olduğunu xatırladaraq, Qrenlandiya məsələsində ABŞ tərəfindən hərbi güc tətbiqinin Şimali Atlantika Alyansına son qoyacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bu arada ABŞ Konqresinə “Qrenlandiyanın ilhaqı” və ona Amerikanın ştatı statusu verilməsi haqqında qanun layihəsi təqdim olunduğu bildirilib.

Qanun layihəsinin müəllifi respublikaçı konqresmen Rendi Faynın iddiasına görə, düzəlişlər ABŞ-nin Arktikada strateji milli təhlükəsizlik maraqlarını təmin etmək, Çin və Rusiyadan gələn təhdidlərə qarşı durmaq məqsədi daşıyır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Qrenlandiya   hədə  



Xəbər lenti