Pezeşkian İran xalqına müraciət etdi

Pezeşkian İran xalqına müraciət etdi
  13 Yanvar 2026    Oxunub:2016
İran prezidenti Məsud Pəzeşkian ölkədə baş verən kütləvi iğtişaşların təşkilində ABŞ və İsraili ittiham edib.
İran liderinin sözlərinə görə, ABŞ və İsrail qüvvələri ölkədə “xaos və qarışıqlıq yaratmağa” çalışır. O, vətəndaşları iğtişaş törədənlərdən və terrorçulardan uzaq durmağa çağırıb, hökumətin qanuni etirazlarla iğtişaşları bir-birindən ayırdığını və zəruri islahatları həyata keçirməyə hazır olduğunu vurğulayıb.

Al Mayadeen telekanalının yayımladığı xalqa televiziya müraciətində Pəzeşkian bildirib:
“Biz xalqın səsinə qulaq asmağa hazırıq və iqtisadi islahatları davam etdirməkdə qətiyyətliyik. İranlıları küçələrə çıxaraq tələblərini aydın şəkildə ifadə etməyə və iğtişaşlara təhrik edənlərin mövcud etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq”.

Prezident qeyd edib ki, etirazçıların əksəriyyəti iqtisadi vəziyyətin pisləşməsindən narazılıqlarını bildirir, lakin bazarları yandırmır və cinayət xarakterli əməllər törətmir.

“İranda iğtişaşlar Amerikа və İsrail tərəfindən təşkil olunur; onlar sabitliyi pozmaq məqsədilə öz agentlərinə göstərişlər verirlər”, – deyə Pəzeşkian vurğulayıb.

O, həmçinin bildirib ki, İran xalqı iğtişaşlara qarşı mövqeyini ifadə etmək üçün küçələrə çıxmalı və iğtişaşçıların onun tələblərini təhrif etməsinə imkan verməməlidir.

Pəzeşkian əlavə edib ki, “İran cəmiyyəti məscidləri yandıranları qəbul etmir”.

Prezident mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı verib, gəncləri terrorçuluqdan və iğtişaşlarda iştirakdan çəkinməyə çağırıb.

“Biz dinc etirazları rəsmi şəkildə tanıyırıq və etirazçılarla dialoqu özümüzə borc bilirik. Ölkə daxilində etiraz edən bütün tərəflərlə görüşməyə hazırıq”, – deyə İran prezidenti əlavə edib.
M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti