ABŞ Venesuelaya sərt şərtlərini açıqlayıb

   ABŞ Venesuelaya sərt şərtlərini açıqlayıb
  07 Yanvar 2026    Oxunub:958
Daha çox neft hasil etməsinə icazə verilməzdən əvvəl Venesuela hakimiyyəti Ağ Evin tələblərinə əməl etməlidir.
AzVision.az bildirir ki, ABŞ administrasiyasının planından xəbərdar olan mənbələrə istinad edən “ABC News” telekanalının məlumatına görə, Vaşinqton öz tələblərini Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqesə çatdırıb.

“Əvvəla, Karakas Çin, Rusiya, İran və Kubanı Venesueladan “qovub çıxarmalı” və onlarla iqtisadi əlaqələri kəsməlidir. İkincisi, Venesuela neft hasilatında sırf ABŞ ilə əməkdaşlığa razı olmalı və ağır neftin satışında ona üstünlük verməlidir”, - mənbələr telekanala deyiblər.

Bundan əlavə, mənbələrdən birinin iddiasına görə, ABŞ-ni Dövlət katibi Marko Rubio yanvarın 5-də qapalı brifinqdə qanunvericilərə ABŞ-nin Venesuelaya təzyiq göstərə biləcəyini deyib, çünki onun mövcud neft tankerləri artıq doludur.

Bloomberg: “Tramp təmkinli olmalıdır”
Rubio həmçinin, ABŞ-nin təxminlərinə görə, Karakasın neft ehtiyatlarını satmadan maliyyə cəhətdən müflis olması üçün cəmi bir neçə həftənin qaldığını diqqətə çatdırıb.

Xatırladaq ki, bundan əvvəl Amerika lideri Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-yə 30-50 milyon barrel neft verəcəyini açıqlamışdı. Tramp bu neftin bazar qiymətinə satılacağını və “ onların Venesuela və ABŞ xalqının xeyrinə istifadə olunmasının təminatı üçün” vəsaitlərə özünün nəzarət edəcəyini bildirib.

Maraqlıdır ki, “Australia and New Zealand Banking Group Ltd (ANZ)” şirkətinin analitik arayışına istinad edən “Bloomberg” agentliyi infrastrukturun köhnəlməsi, yüksək xərclər və siyasi risklər səbəbindən Venesuelanın neft hasilatında əhəmiyyətli artımın bu onilliyin sonuna qədər mümkün olmayacağını yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Venesuela   şərtlər  



Xəbər lenti