Dəməşq və kürdlər yenə razılığa gələ bilməyiblər

Dəməşq və kürdlər yenə razılığa gələ bilməyiblər
  05 Yanvar 2026    Oxunub:758
Kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) ölkənin şimal-şərqindəki vəziyyəti nizamlamaq üçün Dəməşqdə keçid hökumətinin nümayəndələri ilə danışıqlar aparıb.
AzVision.az xəbər verir ki, “Al Watan” nəşrinin məlumatına görə, danışıqlarda kürd nümayəndə heyətinə SDQ-nin komandiri Məzlum Əbdi başçılıq edib. Müzakirələrə həmçinin ABŞ-nin başçılığı altında fəaliyyət göstərən beynəlxalq antiterror koalisiyasının əməliyyat qərargahının rəhbəri amerikalı general Kevin Lambert də qatılıb.

“2025-ci ilin dekabrında Hələb döyüşlərindən sonra tərəflər arasında yenidən başlayan dialoq “hələ nəzərəçarpacaq nəticə verməyib”. Kürd tərəfi SDQ döyüşçülərinin nizami silahlı qüvvələrə daxil olmasını və “öz nəzarəti altındakı ərazilərin Suriyanın qalan hissəsi ilə birləşdirilməsini” nəzərdə tutan 10 mart 2024-cü il tarixli razılaşmanın icrasını gecikdirməkdə davam edir”, - Suriya hökumətindəki mənbə qəzetə açıqlamasında deyib.

SDQ-nin nümayəndəsi Fərhad Şami, öz növbəsində, “Rudaw” telekanalına müsahibsəində bildirib ki, Suriyanın şimal-şərqindəki qüvvələr əsasında üç diviziya yaradılması planlaşdırılır.

- Dəməşqdə keçirilən görüşdə terrorizmə qarşı birgə birləşmələrin, həmçinin sərhəd mühafizəsi üçün xüsusi briqadanın yaradılması müzakirə olunub. Bundan əlavə, SDQ-nin qadın özünümüdafiə bölmələri ayrıca xüsusi təyinatlı dəstəyə birləşdiriləcək. İnteqrasiya prosesləri ilə bağlı ikitərəfli sazişlərin icrası üçün son müddət uzadılıb”, - Fərhad Şami vurğulayıb.

Xatırladaq ki, ötən il martın 10-da Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa və SDQ-nin komandanı Məzlum Əbdi arasında imzalanmış sazişə əsasən, ölkənin şimal-şərqindəki bütün hərbi və mülki obyektlər, o cümlədən hava limanları, qaz və neft yataqları 2025-ci ilin sonuna qədər Dəməşqdəki keçid hökumətinin nəzarətinə verilməli idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   SDQ   danışıqlar  



Xəbər lenti