İranda etirazlar davam edir: 16 nəfər ölüb

   İranda etirazlar davam edir:   16 nəfər ölüb
  04 Yanvar 2026    Oxunub:959
Hüquq müdafiə təşkilatlarının bazar günü yaydığı məlumata görə, İranda bir həftədir davam edən iğtişaşlar zamanı azı 16 nəfər həlak olub.
İranda artan inflyasiyaya qarşı etirazlar ölkə boyu yayılıb və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında zorakılıqla müşayiət olunan toqquşmalar baş verib.

Həftə ərzində həm dövlət mediası, həm də hüquq müdafiəçiləri tərəfindən ölənlər və saxlanılanlar barədə məlumatlar açıqlanıb, lakin rəqəmlər fərqlidir.

Bu etirazlar son üç ilin ən genişmiqyaslı aksiyalarıdır. Əvvəlki bəzi iğtişaşlarla müqayisədə daha kiçik olsa da, iqtisadiyyatın ağır vəziyyətdə olduğu və beynəlxalq təzyiqlərin artdığı bir vaxtda baş verməsi İranı həssas durumda qoyur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cümə günü etirazçılar zorakılıqla üzləşərsə onlara kömək edə biləcəyi ilə hədələyib və konkret addımları açıqlamadan “biz hərəkətə keçməyə tam hazır vəziyyətdəyik” deyib. Bu xəbərdarlıq İranın yüksək vəzifəli rəsmilərinin regiondakı ABŞ qüvvələrinə qarşı cavab tədbirləri ilə hədələməsinə səbəb olub. Ali rəhbər Ayətullah Əli Xamenei isə İranın “düşmənə boyun əyməyəcəyini” bildirib.

Kürd hüquq müdafiə təşkilatı Hengaw etirazların əvvəlindən bəri azı 17 nəfərin öldürüldüyünü açıqlayıb. Hüquq fəalları şəbəkəsi HRANA isə azı 16 nəfərin həlak olduğunu və 582 nəfərin saxlanıldığını bildirib.

Ən şiddətli toqquşmalar İranın qərb bölgələrində qeydə alınıb. Bununla yanaşı, paytaxt Tehran da daxil olmaqla mərkəzi ərazilərdə və cənubdakı Bəlucistan vilayətində də etirazlar və nümayişçilərlə polis arasında qarşıdurmalar baş verib.

Şənbə gecəsi İranın şiə ruhanilərinin mühafizəkar mərkəzi sayılan Qum vilayətinin qubernatoru iğtişaşlar zamanı iki nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, ölənlərdən biri hazırladığı partlayıcı qurğunun vaxtından əvvəl partlaması nəticəsində həyatını itirib.

HRANA və dövlətə yaxın Tasnim xəbər agentliyi etirazlara çağıran onlayn hesabların administratorunun saxlanıldığını da xəbər verib.

Etirazlar bir həftə əvvəl bazar tacirləri və mağaza sahibləri arasında başlayıb, daha sonra universitet tələbələrinə və əyalət şəhərlərinə yayılıb. Bu mərhələdə bəzi etirazçılar İranın dini hakimiyyətinə qarşı şüarlar səsləndiriblər.

İranda mart ayında başlayan maliyyə ilindən bəri inflyasiya 36 faizdən yuxarıdır və rial dollar qarşısında dəyərinin təxminən yarısını itirib ki, bu da əhali üçün ciddi çətinliklər yaradıb.

İranın nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyalar yenidən tətbiq edilib, hökumət il ərzində ölkə boyu su və elektrik təminatında çətinliklərlə üzləşib, qlobal maliyyə qurumları isə 2026-cı ildə resessiya proqnozlaşdırır.

Hakimiyyət etirazlara qarşı ikili yanaşma sərgiləyib: iqtisadi böhranı etiraf edərək dialoq təklif edib, lakin daha sərt narazılıqlaea zorakılıqla cavab verib.

Xamenei şənbə günü bildirib ki, hakimiyyət nümayişçilərlə danışacaq, lakin “iğtişaş törədənlər yerinə oturdulmalıdır”.


Məhəmmədəli Həsənli

AzVision.az




Teqlər:



Xəbər lenti