Ötən il nə qədər jurnalist öldürülüb?

   Ötən il nə qədər jurnalist öldürülüb?
  02 Yanvar 2026    Oxunub:1180
2025-ci ildə dünyada 10-u qadın olmaqla 128 jurnalist həlak olub. Bu faciəli halların 58%-i (74 fakt) Yaxın Şərqdə qeydə alınıb.
AzVision.az Beynəlxalq Jurnalistlər Federasiyasına (IFJ) istinadla məlumat verir ki, Yəməndə 13, Ukraynada 8, Sudanda 6 jurnalistin həlakı olması faktı qeydə alınıb.

Narahatedici hallardan biri dron zərbələrindən həlak olan jurnalistlərin sayının artmasıdır.

Müqayisə üçün deyək ki, IFJ-nin məlumatına görə 2024-cü ildə 14-ü qadın olmaqla 122 jurnalist həlak olmuşdu. Ümumilikdə 1990-cu ildən bu yana 3173 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib.

IFJ-nin digər məlumatına görə, hazırda dünyada 533 jurnalist həbsdədir. Bunların ən çoxu (143) Çinin payına düşür. Ötən il həmin rəqəm 516 olub.

O da maraqlıdır ki, həlak olan jurnalistların sayı ilə bağlı müxtəlif qurumların rəqəmləri üst-üstə düşmür. “Sərhədsiz reportyorlar”a görə 2025-ci ildə peşə fəaliyyətini yerinə yetirərkən 67 jurnalist həlak olub. UNESCO-ya görə bu rəqəm 93-ə bərabərdir. Rəqəmlərin bu qədər fərqlənməsi kimlərin jurnalst sayılması ilə bağlıdır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Jurnalist   Media  



Xəbər lenti