Astarada şəhid və müharibə əlillərinin övladları üçün Yeni il şənliyi

Astarada şəhid və müharibə əlillərinin övladları üçün Yeni il şənliyi
  31 Dekabr 2025    Oxunub:1290
Astara Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş və müharibə əlili statusu almış astaralıların övladları üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik təşkil edilib.
AzVision.az xəbər verir ki, tədbirdə iştirak edən rayon icra hakimiyyətinin əməkdaşları uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Çıxışlarda son beş ildə ölkəmizdə əlamətdar günlər və bayramlar daha böyük qürur və təntənə ilə qeyd olunduğu vurğulanıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız erməni işğalından azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların bizə əmanət qoyduqları övladlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Onların Vətənə layiqli övladlar kimi böyümələri üçün bundan sonra da hər cür dəstək göstəriləcəyi vurğulanıb.

Bayram tədbirində şəhid və müharibə əlillərinin övladları şeir söyləyib, mahnı və rəqs nümunələri nümayiş etdiriblər.

Sonda uşaqlara Yeni il münasibətilə bayram hədiyyələri təqdim olunub.


AzVision.az


Teqlər: Astara   uşaqlar   şənlik  



Xəbər lenti