Avrasiyanın aparıcı dağ-xizək kurortları xizək keçidlərini birləşdirir

Avrasiyanın aparıcı dağ-xizək kurortları xizək keçidlərini birləşdirir
  25 Dekabr 2025    Oxunub:1693
2025–2026-cı illərin qış mövsümündə mövsümi xizək keçidləri (ski-pass) sahibləri Avrasiya qitəsinin bir neçə aparıcı dağ-xizək kurortunda ödənişsiz xizək sürmək imkanı əldə edəcəklər.
Bununla əlaqədar olaraq “Şahdağ” Turizm Mərkəzi Avrasiya Dağ Kurortları Alyansına (ADKA) üzv olan kurortlarla birgə “Sərhədsiz xizək mövsümü” adlı beynəlxalq təşəbbüsə qoşulub.

Aksiya çərçivəsində Alyansa daxil olan kurortlardan hər hansı birində əldə edilmiş mövsümi xizək keçidi sahibləri digər tərəfdaş kurortların hər birində beş gün müddətinə ödənişsiz ski-passdan istifadə edə biləcəklər.



Təşəbbüsə“Şahdağ”la yanaşı Qazaxıstanın “Şımbulak” və “Oi-Qaraqai”, Özbəkistanın “Amirsoy” və Rusiyanın “Roza Xutor” dağ-xizək kurortları qoşulub.

“Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfovun sözlərinə görə “Sərhədsiz xizək mövsümü” təşəbbüsündə iştirak sadəcə tərəfdaşlıq aksiyası deyil, kurortun beynəlxalq dağ turizminin inkişafına yönəlmiş strategiyasının məntiqi davamıdır.



O, Avrasiyanın aparıcı dağ-xizək kurortlarının mövsümi ski-passlarının birləşdirilməsinin turistlər üçün yeni imkanlar açacağını, vahid dağ məkanının formalaşmasına şərait yaradacağını və bütövlükdə regionun cəlbediciliyini artıracağını bildirib. Rüstəm Nəcəfov bu cür layihələrin turizm mübadiləsinin davamlı artımına, xidmət keyfiyyətinin yüksəldilməsinə və Avrasiya ölkələrinin kurortları arasında peşəkar əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.



Aksiyada iştirak üçün əsas şərt xizək keçidi sahibinin tərəfdaş kurortun hotellərində və ya həmin kurortun tövsiyyə etdiyi yerləşmə obyektlərində qalmasıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti