Avropada ənənəyə qayıdış: Benzin elektrikə qalib gəldi

      Avropada ənənəyə qayıdış:    Benzin elektrikə qalib gəldi
  17 Dekabr 2025    Oxunub:1678
Avtomobil istehsaçılarının təzyiqi fonunda Avropa İttifaqı (Aİ) daxili yanma mühərrikli avtomobillərin istifadəsinə qarşı 3 il qabaq qoyduğu qadağanı 2035-ci ilədək təxirə salıb.
Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb ki, bu barədə Avropa Komissiyası müvafiq qərar verib. Hazırda bu qərarın Avropa Parlamenti tərəfindən təsdiqlənməsi gözlənilir:

Aİ-nin gəldiyi qənaətə görə, məhdud resurslar səbəbi ilə bütün avtomobil zavodlarını "elektrikləşdirmək" qeyri-mümkündür. Belə bir addım Aİ-nin son illərdə özünün "yaşıl siyasəti"ndən ən böyük geri çəkilməsidir. Bu qərar elektriksiz, yəni daxili yanma mühərrikli nəqliyyat vasitələrinin satışının artmasına təkan verəcək.

Aİ-nin elektromobil siyasəti xüsusən Almaniya və İtaliyada fəaliyyət göstərən iri avtomobil istehsalçıları tərəfindən narazılıqla qarşılanır, onlar qaydaların yumşaldılmasını istəyirdilər. Almaniyanın "Volkswagen" şirkətinin iddiasına görə, daxili yanma mühərrikli avtomobillərin satışı ilə karbon emissiyalarının kompensasiyası bir-birinə nəinki zidd deyil, hətta praqmatik bazar şərtlərinə uyğundur:

"Çünki zavodlar "yaşıl siyasət" çərçivəsində lazımsız layihələrə milyardlarla dollar sərmayə qoyublar".

("Climate Group" qeyri-kommersiya qrupunun nəqliyyat departamentinin rəhbəri Dominik Fin)

"Climate Group" qeyri-kommersiya qrupunun nəqliyyat departamentinin rəhbəri Dominik Finin sözlərinə görə, Aİ-nin geri çəkilməsi ənənəvi sənayenin elektrikli avtomobillər üzərində faciəvi qələbəsidir:

"Bu addım, eyni zamanda, Avropada elektromobil istehsalına böyük sərmayə qoyan, artıq sənayenin bu növünə arxalanan aparıcı şirkətlərə ağır zərbədir".
"Ford" elektromobil istehsalını dayandırır

Aİ-nin qərarı ABŞ-nin avtomobil nəhəngi "Ford"un elektromobil istehsalında zərərə uğraması, nəticədə bu sahədə istehsalı qismən dayandırması fonunda verilib. Belə ki, şirkətin elektrikli nəqliyyat vasitələri departamenti üzrə potensial 19,5 milyard dollarlıq itki səbəbi ilə "F-150" pikapının elektriklə işləyən versiyasının, habelə daha bir neçə növ yük maşını və mikroavtobusun istehsalı dayandırılıb. "The Wall Street Journal" qəzetinin məlumatına əsasən, "Ford"un üzləşdiyi ziyan şirkətin tarixində ən böyük itkilərdən biridir.

Hazırda istər ABŞ-də, istərsə də Avropada elektromobillərə qarşı rəğbətin tədricən azalması fonunda daxili yanma mühərrikli avtomobillərin bazar dəyərinin artacağı proqnozlaşdırılır. Bu tendensiyanın həmçinin yanacaq qiymətlərinə də təsirsiz ötüşməyəcəyi vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər:     elektromobil   qadağa   ləğv  



Xəbər lenti