Amerikalıların nüvə müharibəsi xofu güclənir

   Amerikalıların nüvə müharibəsi xofu güclənir
  28 Noyabr 2025    Oxunub:1088
Amerikalıların təxminən yarısı (46%) yaxın 10 il ərzində ABŞ-nin iştirakı ilə nüvə müharibəsinin baş verəcəyinə inanır, 37%-i isə belə perspektivi istisna edir.
AzVision.az benəlxalq “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verir ki, Amerikadakı demokratların 57%-i və respublikaçıların 37%-i nüvə münaqişəsi ehtimalını yüksək qiymətləndirir, müstəqillər arasında isə bu rəqəm 44% təşkil edir.

Rəyi soruşulanların təxminən 46%-i terrorçuların və ya cinayətkarların nüvə silahından istifadə edə biləcəyindən qorxur. Ümumilikdə, vətəndaşların 65%-i şəxsən nüvə müharibəsi yaşamaq ehtimalından narahat olduğunu bildirir: demokratlar arasında bu rəqəm 77%-ə, respublikaçılar arasında 58%-ə, müstəqillər arasında isə 61%-ə çatır. Müqayisə üçün bildirək ki, 2022-ci ildə bu narahatlıq 69%-ə bərabər idi.

Oktyabrın 30-dan noyabrın 2-dək keçirilən sorğuya 1148 respondent qatılıb.

Sorğunun nəticələrinin dərci ABŞ prezidenti Donald Trampın 1992-ci ildən dayandırılmış nüvə sınaqlarını bərpa olunacağı barədə açıqlaması ilə eyni vaxta təsadüf edib. Tramp həmçinin ölkənin nüvə enerjisi hasilatını 4 dəfə artırmaq üçün sərəncamlar imzalamaqla yanaşı, həddindən artıq sərt radiasiya təhlükəsizliyi standartlarını tənqid edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   nüvə   müharibə  



Xəbər lenti