Aİ Ermənistanla viza rejimini liberallaşdırır

Aİ Ermənistanla viza rejimini liberallaşdırır
  28 Noyabr 2025    Oxunub:1243
Avropa İttifaqının (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə ilk qiymətləndirmə missiyası 2025-ci il dekabrın ikinci ongünlüyündə İrəvana səfər edəcək.
AzVision.az bildirir ki, Ermənistanın Daxili İşlər nazirinin müavini Armen Kazaryan belə məlumat verib.

“Dekabrın ikinci ongünlüyündə qanunvericilik və viza siyasəti ilə bağlı məsələləri araşdıracaq ilk Aİ qiymətləndirmə missiyasını qəbul edəcəyik. Ekspert qrupunun işi əsasında hesabat hazırlanacaq. Gələcəkdə Aİ Ermənistanın atdığı addımları əks etdirən bu cür hesabatları mütəmadi olaraq dərc edəcək”, - Kazaryan bildirib.

Onun sözlərinə görə, layihənin praktiki həyata keçirilməsi üçün ikinci missiyanın da səfəri gözlənilir və belə səfərlər müntəzəm xarakter daşıyacaq.

Kazaryan qeyd edib ki, Ermənistan Aİ-dən viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planını dialoqun başlanmasından cəmi bir il sonra alıb.

- Bu, kifayət qədər sürətli tempdir. Daxili İşlər nazirinin rəhbərliyi ilə işgüzar danışıqlar 2024-cü ilin payızının sonunda başlayıb və 2025-ci ilin payızının sonlarına qədər Ermənistan bu fəaliyyət planını artıq alıb”, - erməni məmur vurğulayıb.

Nazir müavini izah edib ki, viza rejiminin liberallaşdırılması Şengen C vizası üçün tələbin ləğvini nəzərdə tutur. Başqa sözlə desək, bir şəxs il ərzində hər 180 günün 90 gününü Şengen zonasında vizasız qala bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   viza  



Xəbər lenti