Çin-Yaponiya münasibətlərində gərginlik artır

Çin-Yaponiya münasibətlərində gərginlik artır
  25 Noyabr 2025    Oxunub:1009
Çin və Yaponiyanın BMT-dəki daimi nümayəndələri ikitərəfli münasibətlərin pisləşməsi fonunda qurumun baş katibi Antonio Quterreşə Tayvan məsələsi ilə bağlı məktublar ünvanlayıblar.
AzVision.az Rusiyanın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Pekinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun öz mesajında Yaponiyanın baş naziri Sanae Takaitinin son açıqlamalarının Çinin təhlükəsizliyinə və beynəlxalq nizama qarşı hücum olduğunu vurğulayıb. Xanım Takaitinin bəyanatlarını birbaşa silahlı müdaxilə təhlükəsi kimi qiymətləndirən Pekin Çinin özünümüdafiə hüququnu saxladığını diqqətə çatdırıb.

Bunun ardınca Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Besse Antonio Quterreşə göndərdiyi məktubda Tokionun Tayvan məsələsində mövqeyini aydınlıq gətirib.
Sözügedən məsələ ilə bağlı Yaponiyanın hökumətinin baş katibi Minoru Kihara da bəyanat verib.

- Yaponiya hökumətinin siyasəti dəyişməz olaraq qalır. Biz problemlərin sayını azaltmaq, birgə səylərlə qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək istəyirik. Tokio vəziyyətə nəzarət edəcək və müvafiq tədbirlər görəcək”, - siyasətçi bildirib.

Bunun cavabında Çinin Xarici İşlər nazirliyi rəsmi Tokionu bu bəyanatlara aydınlıq gətirməyə çağırıb.

“Bununla belə, Yaponiyanın sözdə “dəyişməz mövqeyi” nəyi nəzərdə tutur? Yaponiya bunu tam və açıq şəkildə ifadə edə bilərmi? Əgər Tokio daim qırmızı xətləri keçməklə mövqeyinin dəyişmədiyini təkrarlasa, bu cür bəyanatlar boş söz olaraq qalır və vahid Çin prinsipini yayındırır”, - Çinin “Sinhua” agentliyi ölkənin Xarici İşlər naziri Mao Nindən sitat gətirir.

Xatırladaq ki, Pekin-Tokio münasibətlərində gərginlik Sanae Takaitinin Tayvan böhranının Yaponiya üçün “ekzistensial təhlükə” yarada biləcəyi və bunun onun ölkəsinə özünümüdafiə hüququ verməsi barədə bəyanatından sonra aktuallaşıb. Pekin bunu Çinin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.

İki ölkə arasındakı gərginliyin hətta Tokiodakı zooparkların da işinə təsir göstərə biləcəyi istisna edilmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   BMT   Yaponiya   Çin  



Xəbər lenti