Lesoto Bakının “ağıllı şəhər” modelini öyrənməkdə maraqlıdır

Lesoto Bakının “ağıllı şəhər” modelini öyrənməkdə maraqlıdır
  20 Noyabr 2025    Oxunub:1102
“Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi bu konfrans 2025-ci il üçün çox ilhamverici oldu. Burada çox sayda ölkə iştirak edir. Təkcə Afrikadan 100-dən çox nümayəndə təmsil olunur”.
AzVision.az xəbər verir ki, bunu Lesoto Krallığının Rabitə, Elm və Texnologiya naziri Nthati Moorasi deyib. Onun sözlərinə görə, bu ilin mövzusu xüsusi əhəmiyyət kəsb edən inklüzivliyi önə çıxarır.

“İnklüzivlik mənim üçün ona görə vacibdir ki, bizim kimi ölkələr, o cümlədən Lesoto, hələ də yoxsulluqla mübarizə aparır. Zəif təhsil və infrastruktur çatışmazlığı ilə üzləşirik. Rəqəmsal transformasiyadan danışarkən bunun inkişaf etməkdə olan və tərəqqiyə can atan ölkələri də əhatə etməsi xüsusilə vacibdir. Lesotoda hazırda strategiyalarımız, siyasətlərimiz, kibertəhlükəsizlik üzrə addımlarımız, qanunvericiliyin hazırlanması üzərində işləyirik ki, rəqəmsal transformasiya sahəsində dünyanın digər ölkələrinə çata bilək. Forumda bu məsələlərin müzakirəsi və onların həlli ilə bağlı strategiyalar təqdim olunur”.

Nazir Azərbaycanla bağlı təəssuratlarını da bölüşüb: “Qeyd etməliyəm ki, Azərbaycan bizi çox isti qarşıladı. Şəhər çox gözəldir, insanlar mehribandır, ölkəniz çox təhlükəsizdir. Burada “Ağıllı şəhər” sistemləri tətbiq olunur. Əməkdaşlıq sahələrini dəyərləndirərkən ilk növbədə bunları düşünürəm: biz “ağıllı şəhər” modelini necə tətbiq edə bilərik? Şəhərdə baş verən hər bir prosesin qeydə alınmasına necə nail ola bilərik?

Hazırda biz şəhərimizdə kamera sistemlərinin qurulması, yolların, nəqliyyatın idarə olunmasının yaxşılaşdırılması ilə bağlı layihə üzərində işləyirik. Fikrimcə, iki ölkə arasında əməkdaşlıq üçün əsas sahə Bakıda “ağıllı şəhər” modelinin necə idarə olunduğunu öyrənməkdir. Şəhərdə müasirliklə klassik üslubun birlikdə olması çox gözəldir. Burada hər şey ahəngdardır. Nəqliyyat, insanlar, polis - hamısı sakit, nizamlı və axıcı şəkildə fəaliyyət göstərir. Bu konfransın təşkili mükəmməldir. Bütün təşkilati işlər ən yüksək səviyyədədir. Hər şey çox gözəl təşkil olunub”.


Teqlər:



Xəbər lenti