Almaniya İsrailə silah ixracı qadağasını dayandırır

   Almaniya İsrailə silah ixracı qadağasını dayandırır
  17 Noyabr 2025    Oxunub:668
Almaniya hökuməti gələn həftədən etibarən İsrailə qarşı qadağanı aradan qaldıraraq bu ölkəyə yenidən silah-sursat satışına başlayacaq.
Bu barədə Almaniya hökumətinin sözçüsü mətbuata açıqlamasında məlumat verib. O vurğulayıb ki, bu addım Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS terror təşkilatı arasında qüvvəyə minmiş atəşkəs fonunda atılıb.

"Almaniya həmçinin İsrail və Fələstin arasında iki dövlətli həll yoluna əsaslanan davamlı sülhə, habelə Qəzzada aparılan yenidənqurma işlərinə dəstək verməyə sadiq qalır", – sözçü deyib.

İsrailin xarici işlər naziri Gideon Saar özünün "X" hesabında rəsmi Berlinin qərarını alqışlayıb. O, digər ölkələri də "oxşar addımlar atmağa" çağırıb.

Xatırladaq ki, cari ilin avqustunda İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında eyniadlı şəhəri mühasirəyə alması fonunda rəsmi Berlin bu ölkəyə silah ixracını dayandırmışdı. Almaniya ABŞ-nin ardınca İsrailə ikinci ən böyük silah ixracatçısıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   İsrail   silah   qadağa   ləğv  



Xəbər lenti