HƏMAS: “ABŞ-nin Qəzza üzrə planı qənaətbəxş deyil”

      HƏMAS:    “ABŞ-nin Qəzza üzrə planı qənaətbəxş deyil”
  17 Noyabr 2025    Oxunub:687
ABŞ-nin BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə göndərdiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul olunarsa, bu, anklavda vəziyyəti yaxşılaşdırmayacaq.
AzVision.az xəbər verir ki, HƏMAS hərəkatının nümayəndəsi Hazem Kasem “Al Jazeera” telekanalına müsahibəsində belə deyib.

“ABŞ-nin qətnamə layihəsinin düzəlişləri və əsas müddəaları Qəzzada vəziyyəti sabitləşdirmək məqsədi daşımır. Alternativ kimi atəşkəsi gücləndirən və Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin formalaşdırılmasına icazə verən sənəd ola bilər”, - HƏMAS-ın təmsilçisi vurğulayıb.

Onun sözlərinə görə, HƏMAS BMT TŞ-də İsrailin Qəzza zolağına, İordan çayının qərb sahilinə və Qüdsə “təcavüzün qarşısını alan” və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin edən qətnamənin qəbul olunmasında israrlıdır.

Qeyd edək ki, noyabrın 17-də BMT TŞ Qəzza zolağı ilə bağlı Vaşinqtonun hazırladığı qətnamə layihəsini səsverməyə çıxaracaq.

- Sənəddə “beynəlxalq sabitləşdirmə qüvvələrini” dəstəkləməyə və “HƏMAS-sız Qəzzada fələstinlilər üçün sabit, təhlükəsiz, dinc və firavan gələcəyin” təmin edilməsinə yönəlmiş müddəalar ehtiva olunur”, - ABŞ-nin BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

The Gardian: “ABŞ Qəzzanı zonalara bölür”
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bildirmişdi ki, Fələstin dövlətinin yaradılması ilə bağlı Təl-Əvivin mövqeyi dəyişməz olaraq qalır: “İstənilən ərazidə Fələstin dövlətinin yaradılmasına qarşı İsrailin etirazı dəyişməyib”.

Bu bəyanat Amerika tərəfindən hazırlanmış BMT TŞ-nin qətnaməsinin mətninə edilən dəyişikliklər fonunda verilib. Son 24 saat ərzində ABŞ nümayəndələri sənədə Qəzzada məskunlaşmanın “Fələstin dövlətinin yaradılmasına imkan yaradacaq cığıra” çevriləcəyini bildirən müddəa əlavə ediblər. Bu düzəlişlər İsrailin hakim koalisiyası daxilində kəskin tənqidlərə səbəb olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Britaniyanın “The Guardian” qəzeti ABŞ-nin Qəzza zolağını “yaşıl” “qırmızı” zonalara bölməyi planlaşdırdığını yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Qəzza   HƏMAS  



Xəbər lenti