Rubio: “Rusiyaya sanksiya tətbiq etməyə yer qalmayıb”

      Rubio:    “Rusiyaya sanksiya tətbiq etməyə yer qalmayıb”
  13 Noyabr 2025    Oxunub:1218
Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində faktiki olaraq son həddinə çatıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio G7 ölkələrinin Xarici İşlər nazirlərinin Kanadada keçirilən toplantısından sonra jurnalistlərə açıqlamasında belə deyib.

“Biz artıq onların əsas neft şirkətlərinə qarşı tədbirlər görmüşük – hamının da tələb etdiyi məhz bu idi. Bu istiqamətdə sanksiya tətbiq ediləcək sahələr demək olar ki, tükənib. Təbii ki, bu sanksiyaların icrası müəyyən vaxt tələb edir və onların təsiri bir qədər sonra hiss olunacaq. Bu istiqamətdə sanksiya tətbiq ediləcək sahələr demək olar ki, tükənib. İndi yeni məhdudiyyətlər əvəzinə, ABŞ mövcud sanksiyaların tətbiqinə, xüsusən də Moskvanın neft məhdudiyyətlərindən yayınmaq üçün istifadə etdiyi kölgə donanması ilə mübarizəyə diqqət yetirəcək", - Marko Rubio vurğulayıb.

Onun sözlərinə görə, bu sahə sanksiyalar koalisiyasının gələcək işində əsas olacaq və avropalı tərəfdaşlar daha fəal rol oynamalıdırlar.

- Əlbəttə, ‘kölgə donanması’ (shadow fleet) sanksiyaların icrası ilə bağlı mexanizmdir və sanksiyalar tətbiq edilirsə, onların icrası da təmin olunmalıdır. Biz sanksiyaların tətbiqindən çox onun icrasında maraqlıyıq. ‘Kölgə donanması’ mövzusu gündəmə gəlib, və qətiyyətlə düşünürəm ki, Avropalılar bu sahədə müəyyən addımlar ata bilərlər – məlum hadisələrin əksəriyyəti onlara yaxın ərazilərində baş verdiyi üçün buna məcburdurlar”, - siyasətçi vurğulayıb.


Ukrayna probleminin sülh yolu ilə nizamlanmasının mümkünlüyü ilə bağlı Kremlin mövqeyini dəyərləndirən Dövlət katibi vurğulayıb ki, “Moskva nə istədiklərini açıq şəkildə bildirdi - onlar Donetsk vilayətinin qalan hissəsini istəyirlər və Ukrayna tərəfi üçün belə tələblər qəbuledilməzdir”.

Ukrayna ərazisinə raket zərbələrinin yeni dalğasını şərh edən Rubionun fikrincə, bu, “elektrik şəbəkəsini məhv etmək və əhalinin ruhunu qırmaq” məqsədi daşıyır.

ABŞ-nin Dövlət katibi Vaşinqtonun Ukrayna hakimiyyət orqanları ilə “ildən-ilə pisləşən” enerji sisteminin sabitləşdirilməsinə yardımla bağlı davamlı müzakirələr apardığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, həm xüsusi avadanlıqlara, həm də mühüm infrastrukturun qorunması üçün hava hücumundan müdafiə (HHM) vasitələrinə aiddir.

- Əgər bu avadanlıq quraşdırıldıqdan bir həftə sonra məhv edilirsə, bu, problemdir. Son iki-üç ildə məhz belə olub, - Marko Rubio deyib.

Xatırladaq ki, oktyabrın 22-də Donald Trampın prezidentliyi dövründə Vaşinqton ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edib. “Lukoyl” və “Rosneft” neft nəhəngləri hədəfə alınıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   sanksiyalar  



Xəbər lenti