FT: “Londondan Kremlə gizli zəng olub”

      FT:    “Londondan Kremlə gizli zəng olub”
  12 Noyabr 2025    Oxunub:1085
Böyük Britaniyanın baş naziri Kir Starmerin Milli Təhlükəsizlik üzrə müşaviri Conatan Pauell Rusiya prezidenti Vladimir Putinlə qeyr-rəsmi əlaqə kanalı yaratmağa cəhd edib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin məlumatına görə, London beləliklə, ABŞ prezidenti Donald Tramp administrasiyasının ziddiyyətli hərəkətləri fonunda Rusiya-Ukrayna müharibəsinin həllində öz maraqlarını qorumağa çalışıb.

“Böyük Britaniya baş nazirinin Milli Təhlükəsizlik üzrə müşaviri və təcrübəli danışıqlar aparan Conatan Pauel 2025-ci ilin əvvəlində Avropa ölkələrinin mövqeyini Moskvaya çatdırmaq ümidi ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla əlaqə saxlayıb. Söhbət yalnız bir dəfə olub və çox yaxşı getməyib”, - qəzet yazır.

Mənbələrdən birinin sözlərinə görə, bu təşəbbüs G7 ilə razılaşdırılmayıb, lakin bir sıra Avropa paytaxtlarının dəstəyini alıb.

- Ruslarla danışıqları amerikalılara təhvil verməyimizdən narahatıq”, - adı açıqlanmayan avropalı məmur deyib.

Britaniya hökumətinin nümayəndəsi “FT” nəşrinə verdiyi açıqlamada Conatan Pauellin ilin əvvəlində həqiqətən də Uşakovla əlaqə yaratmağa cəhd göstərdiyini inkar etməyib. Bununla belə, məmur son aylarda, o cümlədən Alyaskada Tramp-Putin sammiti ərəfəsində onlar arasında heç bir əlaqənin olmadığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: London   Moskva   zəng  



Xəbər lenti