"Yağış yağmasa, Azər ayında (İran təqviminin doqquzuncu ayı; 22 noyabrda başlayır) Tehranda su məhdudiyyətləri qoymağa məcbur qalacağıq. Bu məhdudiyyətlərin də fayda verib-verməyəcəyini indidən demək çətindir. Tehran boşaldılmaq təhlükəsi ilə üz-üzədir", – Məsud Pezeşkiyan söyləyib. O vurğulayıb ki, su çatışmazlığının aradan qaldırılması üçün bütün aidiyyəti dövlət təşkilatlarından mütəxəssislərin iştirakı ilə komissiya yaratmaq lazımdır.
Tehran şəhərinin su ehtiyacının 30%-i yeraltı mənbələrin, 70%-i isə paytaxtın ətrafındakı 5 su anbarının hesabına ödənilir. Hərçənd son aylarda həmin anbarlarda suyun səviyyəsi xeyli aşağı düşüb:
– "Lar" anbarında 7%;
– "Məmlu"da 10%;
– "Lətyan"da 43%;
– "Əmir Kəbir"də 37%;
– "Taleqan"da isə 52% su qalıb.
(İranda "Əmir-Kəbir" su anbarı)
Noyabrın 2-də Tehran Vilayət Su Şirkətinin baş direktoru Behzad Parsa da şəhərdəki su qıtlığının böhrana çevrildiyini vurğulayıb. Onun verdiyi məlumata əsasən, "Əmir Kəbir" anbarında su ehtiyatı 2 həftə ərzində qurtaracaq.
İranın Dövlət Su və Kanalizasiya Şirkətinin rəhbəri Haşim Əmini isə söyləyib ki, ölkədə şəhər əhalisinin təqribən yarısı içməli sudan məhrum qalıb:
"Son 30 ildə şirin su ehtiyatının həcmi 132 milyard kubmetrdən 90 milyard kubmetrə düşüb. Bu, 30%-dən çox azalma deməkdir. Hərçənd su ehtiyacı və istehlakı artmaqdadır".
Ümumiyyətlə, son illərdə İranda ciddi su böhranı meydana gəlib. Bu problem əsasən çayların, bataqlıqların, su anbarlarının quruması, illərlə yağış yağmaması, bəndlərin sıradan çıxması ilə əlaqələndirilir. Cari ilin martında İranın energetika naziri Abbas Əliabadi xüsusilə 4 vilayətin (Xorasan-Rəzəvi, Yəzd, İsfahan və Tehran) susuz qaldığını bildirib. Bir sıra başqa vilayət də su çatışmazlığı həddinə çatıb. Həmin vilayətlər Həmədan, Fars, Xuzistan, Kirman, Sistan və Bəlucistan, Hörmüzqandır.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


