Vüqar İskəndərov: "Vaxtilə xəyal kimi görünən arzu noyabrın 8-də reallığa çevrildi"

      Vüqar İskəndərov:    "Vaxtilə xəyal kimi görünən arzu noyabrın 8-də reallığa çevrildi"
  06 Noyabr 2025    Oxunub:1346
“44 günlük Vətən müharibəsinin başlanğıcında Müzəffər Ali Baş Komandan İlham Əliyev belə bir ifadə işlətmişdi. “Şuşasız bizim işimiz yarımçıq qalar”. Əlbəttə dahi sərkərdəmiz həm xalqına, həm ordusuna güvənərək uzun Zəfər yolunun sonunu görürdü. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi”.
Bunu AzVision.az -a açıqlamasında deputat Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Şuşa əməliyyatı dünya hərb tarixinin bir möcüzəsi idi.

“Bu şəhərin işğaldan azad olunması sanki Ermənistanın kapitulyasiyası üçün qırılma nöqtəsi idi. Çünki mənfur düşmənlərimizin ordumuzun əzəmətini məhz bu döyüşlərdə tam anladı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır.

Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi.

Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən illər ərzində Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Şuşamızda yenə Xanın səsi, Natəvanın qəzəlləri, Üzeyirin nəğməsi səslənir”.

AzVision.az


Teqlər: Şuşa   Qarabağ   İlhamƏliyev   Deputat  



Xəbər lenti