Azərbaycanın modeli Ümumdünya İrs Komitəsində təqdim olunub

Azərbaycanın modeli Ümumdünya İrs Komitəsində təqdim olunub
  24 İyul 2026    Oxunub:397
İyulun 23-də Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun 48-ci Ümumdünya İrs Komitəsinin sessiyası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Sustainable and Empowering Cultural Revitalization (SECURE) Model: Best Practices for Post-Conflict Cultural Recovery” mövzusunda beynəlxalq panel təşkil edilib.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paneldə Azərbaycanın post-münaqişə dövründə mədəni irsin qorunması, bərpası və yenidən canlandırılması istiqamətində hazırladığı SECURE Modeli beynəlxalq ekspert ictimaiyyətinə təqdim olunub. Modelin UNESCO-nun ən nüfuzlu platformalarından birində ayrıca müzakirəyə çıxarılması Azərbaycanın bu sahədə formalaşdırdığı təcrübəyə beynəlxalq marağın və etimadın göstəricisidir.

Tədbirdə UNESCO-nun Ümumdünya İrs Mərkəzi, ICCROM, ICOMOS və ICESCO-nun nümayəndələri iştirak ediblər.

Paneli açan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və mədəni dirçəliş işləri barədə məlumat verərək bildirib ki, SECURE Modeli Azərbaycanın praktik təcrübəsinə əsaslanan və digər post-münaqişə ölkələri üçün də tətbiq oluna biləcək innovativ yanaşmadır.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən paneldə beynəlxalq təşkilatların nümayəndələri post-münaqişə dövründə mədəni irsin qorunması, institusional əməkdaşlıq, potensialın gücləndirilməsi və yerli icmaların prosesə cəlb olunması məsələlərini müzakirə ediblər. Çıxışlarda SECURE Modelinin beynəlxalq əməkdaşlıq üçün perspektivli platforma olduğu vurğulanıb, onun müxtəlif ölkələrdə tətbiqi və metodoloji inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi dəstəklənib.

Qeyd edək ki, SECURE Modeli ilk dəfə 2026-cı ildə Bakıda keçirilmiş XIII Ümumdünya Şəhər Forumunda təqdim olunub. UNESCO-nun Ümumdünya İrs Komitəsində modelə həsr olunmuş ayrıca panelin təşkili Azərbaycanın post-münaqişə dövründə mədəni irsin bərpası sahəsində formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə tanınmasının növbəti mühüm göstəricisidir.


Teqlər:






Xəbər lenti