Uzaqmənzilli və qalmaqallı: Rusiya Ukraynanı məxfi raketlərlə vurur

      Uzaqmənzilli və qalmaqallı:    Rusiya Ukraynanı məxfi raketlərlə vurur
  03 Noyabr 2025    Oxunub:1558
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanı döyüşlərdə uzaqmənzilli 9М729 raketlərindən istifadədə ittiham edib. Onun sözlərinə görə, avqust ayından bəri Rusiya Ukrayna ərazisinə 23 belə raket atıb. Atılan raketlərdən biri 1200 km. məsafə qət edib.
Sibiqanın sözlərinə görə, bu addım Putinin ABŞ-yə və Trampın diplomatik səylərinə hörmətsiz yanaşdığını təsdiqləyir. Məsələ ondadır ki, 2019-cu ildə Trampın ovaxtkı adminstrasiyası orta və uzaq mənzilli raketlərin ləğvinə dair Müqavilədən çıxmasına səbəb kimi məhz 9М729 raketlərini göstərmişdi.1987-ci ildə SSRİ ilə ABŞ-nin arasında imzalanan həmin müqavilə 500 kilometrdən 5500 kilometrə qədər uçuş məsafəsi olan raketlərin ləğvini nəzərdə tutur və gələcəkdə istehsalına məhdudiyyət qoyurdu.

Həm adi, həm də nüvə başlığı daşıya bilən 9М729 raketlərinin 2500 km.-ə qədər uçuş məsafəsi var. “İsgəndər”in bazasında yaradılan bu raketlərlə bağlı məlumatların çoxu məxfi saxlanılır. Onlardan istifadə etməklə Rusiya buraxıcı qurğularını zərbə altında qoymadan öz ərazisinin dərinliklərindən Ukraynadakı hədəflərə atəş aça bilir.

Faktı “Reuters”ə şərh edən analitiklərin fikrincə, bu raketlərdən istifadə etməklə Moskva Avropanın da təhlükəsizliyinə təhdidlər yaradır və Trampın sülh cəhdlərinin fonunda Qərbə siqnallar göndərir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   ABŞ  



Xəbər lenti