Bloomberg: “Tramp risk etməyib”

      Bloomberg:    “Tramp risk etməyib”
  31 Oktyabr 2025    Oxunub:1110
ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında keçirilən görüşdə Rusiya neftinin müzakirə olunmaması Vaşinqtonun Moskaya qarşı sanksiyaları sərtləşdirmək planlarından əl çəkdiyini göstərə bilər.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi materialda belə ehtimal irəli sürülür.

“Əgər Tramp Si ilə Rusiya neftinin qiymətləri məsələsini qaldırmırsa, bu, bütün sanksiyalar konsepsiyasını sarsıdacaq. Beləliklə də, Rusiya neftinin ən böyük alıcılarından birini nəzərə almayan Vaşinqtonun Moskvaya qarşı sərt davrandığını demək olmaz”, - agentlik “Obsidian Risk Advisors” konsaltinq şirkətinin sanksiyalar üzrə eksperti Brett Eriksondan sitat gətirir.

ABŞ Rusiyaya qarşı böyük sanksiya paketi qəbul edib
Anti-Rusiya sanksiyalar siyasətindən imtina etməklə yanaşı, Trampın Si Cinpinlə görüşündə Rusiya neftinin tədarükü məsələsinə toxunmaması Vaşinqtonun Pekinlə sabit münasibətlərin qurulmasına diqqət yetirmək istəyindən xəbər verə bilər.

Agentliyin fikrincə, bu, ABŞ və Çin arasında uğurlu ticarət sazişinin bağlanmasına töhfə verə bilər.

Daha əvvəl Donald Tramp Cənubi Koreyanın Pusan şəhərində Si Cinpinlə danışıqlar zamanı Rusiya neftinin tədarükü məsələsinin gündəmə gəlmədiyini açıqlamışdı.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ-nin Maliyyə nazirliyi “Rosneft”, “Lukoyl” və onların 34 törəmə şirkətlərini noyabrın 21-də tam qüvvəyə minəcək yeni anti-Rusiya sanksiyalar paketinə əlavə etdiyini bildirib.

Maraqlıdır ki, bundan sonra ABŞ-yə səfər edən Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonun köməyi ilə Rusiya və Ukraynanın diplomatik yollarla hərbi münaqişəyə son qoymağa yaxın olduqlarını deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Cinpin   görüş  



Xəbər lenti