Belqradda atışma və yanğın olub

Belqradda atışma və yanğın olub
  22 Oktyabr 2025    Oxunub:1030
Serbiya polisi paytaxt Belqradda parlament binası qarşısında atəş açan şəxsi saxlayıb.
AzVision.az Serbiyanın “Kurir” nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı kişi 57 yaşlı vətəndaşı bud nahiyəsindən güllə ilə yaralayıb.

Daha sonra o, Serbiya prezidenti Aleksandr Vuçiçin tərəfdarlarına məxsus çadırı yandıraraq, ocağın içinə bir neçə patron da atıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyətinin həyatı üçün təhlükə yoxdur.

“Hadisə parlamentin qarşısındakı meydanda baş verib. Yanğın xəbərindən sonra hadisə yerinə polis, prokurorluq və yanğınsöndürənlər gəlib. Ərazi mühasirəyə alınıb, araşdırmalar və yanğınsöndürmə işləri davam edir”, - məlumatda deyilir.

Qəzet insidentlə əlaqədar Serbiya prezidenti Aleksandr Vuçiçin yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00) fövqəladə müraciətlə çıxış edəcəyini yazıb.

Qeyri-rəsmi məlumatlara görə, atəş açan şəxs Serbiya Milli Assambleyasının (parlament) binası qarşısındakı meydanda qurulan çadırlardan birinin yaxınlığında yerləşdirilən qaz balonunu nişan alıb.

- Əvvəlcə toplaşanlar arasında çaxnaşmaya səbəb olan güclü partlayış eşidilib, ardınca isə tüstü qalxmağa başlayıb”, - hadisənin şahidləri nəşrə bildiriblər.

Polis operativ şəkildə şübhəli şəxsi saxlayıb və potensial təhlükələri zərərsizləşdirib. Hadisə yerindən verilən məlumata görə, meydanda qan izləri qalır, ərazi mühasirəyə alınaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Serbiya   atışma   yanğın  



Xəbər lenti