Soçi görüşündə Azərbaycan nə qazandı?

Soçi görüşündə Azərbaycan nə qazandı?
  11 Avqust 2014    Oxunub:27911
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin kritik Soçi görüşü ötən gün başa çatıb. Dünyanın diqqətlə izlədiyi görüşün təfərrüatları dəqiqliyi ilə açıqlanmasa da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar və verilən mesajlar siyasi müstəvidə geniş müzakirələrə yol açıb.

Soçi görüşünün təşəbbüskarı rolunda çıxış edən Rusiya prezidenti çıxışında münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb və diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında illərdir davam edən problemin həllində Rusiya tərəfi olaraq səylərini davam etdirəcək.

Putin qeyd edib ki, Dağlıq Qarabağ probleminin nizamlanması üzrə beynəlxalq formatı qəbul edirlər və bu format daxilində tərəfdaşlarla əməkdaşlığa davam edəcəklər.

Azərbaycan prezidenti İlham Əliyev isə çıxışında Ermənistan və Rusiya prezidentlərinin diqqətinə çatdırıb ki, artıq Dağlıq Qarabağ münaqişəsi həllini tapmalıdır və münaqişənin həlli xeyli uzanıb.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, münaqişənin həlli üçün danışıqlar formatı, hüquqi baza var. Prezident ATƏT-in Minsk qrupunun bu istiqamətdə işlədiyini, tərəflərin yaxınlaşdırmağa çalışdığını, lakin bunun o qədər də uğurlu alınmadığını qeyd edib:

“Düşünürəm ki, Rusiyanın yaxın dost, tərəfdaş və qonşu ölkə kimi bu nizamlanma prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli nizamlanmasına nail olacağıq”.

Ölkə başçısının Sarkisyana “Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsini yerinə yetirmir. Ermənilər Qarabağdan çıxmalıdır”-deyə iradı erməni prezidentini çətin vəziyyətə salmışdı.

“Azərbaycan BMT-nin 4 qətnaməsindən hansına riayət edir”-deyə Sarkisyanın suala sualla cavab verməsi onun çətin duruma düşməsindən xəbər verirdi.

Soçi görüşü Azərbaycana nə verdi?

Soçi görüşünün nəticələrini AzVision.az-a şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, Dağlıq Qarabağ probleminin həllində Rusiyanın mövqeyində dəyişiklik var və bu dəyişiklik görüşün əsas qayəsini təşkil edib:

“Soçi görüşü Azərbaycanın bütün arzularına cavab verməsə də, görüşdə müəyyən irəliləyişlərin bünövrəsi qoyuldu. Yəni, hər iki tərəf problemin sülh yolu ilə çözülməsi məsələsində prinsipial razılığa gəldilər. Üstəlik də, bu proseslərin hamısı daha çox Rusiyanın nəzarəti altında baş verəcək. Səhnəarxası belə söhbətlər var ki, Azərbaycanın işğal edilmiş 5 rayonunun geri qaytarılması istiqamətində Rusiya səylər göstərəcək və ola bilsin, bu istiqamətdə müəyyən fikir alış-verişi də olsun”.

Rusiyanın Azərbaycana ehtiyacı var

Politoloq onu da qeyd edib ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqına cəlb etmək istəyir, amma Azərbaycan bu ittifiqada o zaman cəlb ediləcək ki, Dağlıq Qarabağ problemi həll edilsin.

“Rusiyanın iqtisadi vəziyyətinin ağırlığı, ona qarşı olan sanksiyalar ucbatından bu ölkənin Azərbaycanın məhsullarına ehtiyacı var. Bu saat Azərbaycan Rusiya üçün çox önəmli ölkəyə çevrilib. Belə bir şəraitdə yəqin ki, Azərbaycan haqlı tələblərini Rusiyadan tələb edə biləcək və iradəsini diqtə edəcək. Düzdür hələ ki, işin bünövrəsi qoyulub. Hələ ki, ermənilərin iradəsini sındıra biləcək danışıqların bünövrəsi qoyulub”.

Ekspert hesab edir ki, Soçi görüşü Azərbaycan üçün Qarabağ danışıqlarında əhəmiyyətli başlanğıcdır.

“Görüşdə ermənilərin əvvəlki şıltaqlığı, oyunbazlığından əsər-əlamət yoxdur. Güman edirəm ki, danışıqlar prosesi davam etdikcə, Soçi prosesi Azərbaycana yeni uğurlar gətirə biləcək. Danışıqlar prosesi uzun çəkməyəcək. Azərbaycan prezidenti orada da söylədi ki, bu proses çox uzanıb. Artıq rayonların qaytarılması üzrə konkret danışıqlar başlanılıb. Nəticə olaraq bildirim ki, görüşdən nəticə var və nəticə odur ki, hər iki tərəfdən siyasi iradə var, bunların üzərində duran isə rus siyasi iradəsi həmişəkindən daha konstruktivdir. Və problemin həllinə daha meyillidir. Zənnimcə, Rusiyanın mövqeyində dəyişiklik var və bu mövqe dəyişikliyi görüşün əsas qayəsini təşkil edir”- deyə Q. Hüseynli bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti