Qazaxıstan Konstitusiyanı dəyişir

 Qazaxıstan Konstitusiyanı dəyişir
  14 Oktyabr 2025    Oxunub:675
Ölkədə parlament islahatının aparılması üçün konstitusiyanın 40 maddəsinə dəyişiklik etmək lazımdır.
AzVision.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev belə deyib.

Onun sözlərinə göeə, belə bir prosesi miqyasına görə yeni fundamental qanunun qəbulu ilə müqayisə etmək olar.

“Dövlət başçısı kimi mənim üçün parlament ölkənin siyasi sisteminin əsas elementidir. Ona görə də ilk növbədə konstitusiyaya bir sıra düzəlişlər edilməlidir. Bu dəyişikliklər əsas qanunun təxminən 40 maddəsinə təsir göstərəcək”, - Qazaxıstan lideri parlament islahatları üzrə işçi qrupunun ilk iclasında deyib.

Tokayev diqqətə çatdırıb ki, bundan sonra “50-dən çox məcəllə və qanun”, o cümlədən ən azı 10 konstitusiya qanunu müvafiq qaydada uyğunlaşdırılmalıdır. O, bütün islahatları vətəndaş tələblərini rəhbər tutmaqla “təkamüllü yanaşma əsasında” həyata keçirməyə çağırıb.

Xatırladaq ki, sentyabrın əvvəlində Kasım-Jomart Tokayev islahat apararaq ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid təklifini irəli sürüb. Təklifə əsasən, deputatlar yalnız partiya siyahıları ilə seçiləcək. Qazaxıstan prezidentinin fikrincə, ictimai müzakirələr ən azı bir il çəkəcək və ümumxalq səsverməsi 2027-ci ildə keçirilə bilər.

1995-ci ildən Qazaxıstanda Senat və Məclisdən ibarət ikipalatalı parlament fəaliyyət göstərir. Aşağı palatanın deputatları həm partiya siyahıları, həm də birmandatlı seçki dairələri üzrə seçilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qazaxıstan   Konstitusiya   dəyişikliklər  



Xəbər lenti