Aİ qanunsuz miqrasiyaya qarşı tədbirləri sərtləşdirir

   Aİ qanunsuz miqrasiyaya qarşı tədbirləri sərtləşdirir
  14 Oktyabr 2025    Oxunub:693
"Avropa İttifaqına (Aİ) üzv ölkələrin daxili işlər nazirləri bu gün Lüksemburqda ittifaqın miqrasiya qanunlarının sərtləşdirilməsinə dair müzakirə aparacaqlar".
Britaniyanın "The Financial Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, müzakirə ərəfəsində müxtəlif tərəflər arasında nəzərə çarpan ciddi fikir ayrılıqları qərar qəbuluna əngəl törədə bilər. İttifaqın adı çəkilməyən diplomatının sözlərinə görə, siyasi cəhətdən "ən həssas" məsələ miqrantların məcburi deportasiyası ilə əlaqədardır.

"Belə ki, müəyyən ölkə miqrantı öz ərazisindən çıxararsa, digərləri onun bu qərarını tanımalıdırlar. Aİ-yə üzv ölkələrin müzakirəqabağı ixtilafa düşdükləri mövzu məhz budur. Xüsusilə İsveç və Almaniya öz etirazlarını bildirirlər. Belə bir vəziyyətdə daxili işlər nazirlərinin ortaq məxrəcə gəlmələri müşkül görünür", - diplomat vurğulayıb.

Onun sözlərinə görə, başqa bir mübahisəli məsələ "axını balanslaşdırmaq" məqsədilə miqrantların Aİ ölkələri arasında "bölüşdürülməsi"dir: "Hər hansı tərəf belə "mexanizm" ilə razılaşmır, xüsusilə Polşa tamamilə əleyhinədir".

Məlumat üçün bildirək ki, Avropa Komissiyasının hesabatına əsasən, Aİ-yə axışan qanunsuz miqrantların yalnız 20%-i öz vətənlərinə qaytarılır. Bir çox ölkə bir-birinin deportasiya qərarını tanımadığı üçün miqrantlar digərindən sığınacaq istəyə bilirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   miqrasiya   qərar  



Xəbər lenti